Tbilisidə metro işçilərinin tətili ictimai nəqliyyatın işində əngəllər yaradıb. Paytaxtda hökumətin istefası tələbilə artıq beşinci gündür etirazlar keçirilir.
İyunun 4-də Tbilisidə metronun bütün stansiyaları bağlanıb, şəhər hakimiyyəti sakinləri avtobuslardan istifadə etməyə çağırıb.
MAAŞLAR ARTIRILMAYACAQ
Paytaxtın meri Kaxa Kaladze nəqliyyatda yaranmış problemlərə görə vətəndaşlardan üzr istəyib. Mer onu da deyib ki, tətil edən fəhlələrin maaşların artırılması tələbinin yerinə yetirilməsilə bağlı elə bir plan yoxdur.
Tbilisinin mərkəzində dörd gün etirazlara çıxmış sakinlər ötən dekabrda dava-dalaşda gənclərin öldürülməsi işində ədalətin bərqərar olmadığını deyirlər.
Tbilisi Şəhər Məhkəməsi cinayət işində təqsirli bilinən iki gəncə 10 və 9 il həbs cəzası kəsib. Biri qətldə, digəri adam öldürməyə cəhddə təqsirli bilinib.
Öldürülənlərdən birinin atası Zaza Saralidzenin də daxil olduğu etirazçıların fikrincə, ölüm hadisələrində həmin iki gəncdən başqa da günahkarlar var, ancaq qohumları Baş Prokurorluqdakı işləyir deyə cəzadan yayınıblar.
Gürcülər hakim elitada korrupsiya və cəzasızılığın yayıldığını deyərək nümayişlərə çıxıblar.
“Öldürülmüş uşağıma söz vermişəm ki, hər bir qatil cəzalandırılacaq. Sistem dağıdılmalıdır!”, – Saralidze iyunun 3-də etirazçılar qarşısında çıxışında deyib.
BAŞ NAZİRLƏ GÖRÜŞ GÖZLƏNİR
İyunun 4-də Saralidze-nin baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcəyi gözlənir. Ancaq görüşün harada keçiriləcəyi, ümumiyyətlə, baş tutub-tutmayacağı bəlli deyil.