Accessibility links

Təbriz həbsxanasında dörd məhbus aclıq aksiyası keçirir


Təbrizdən verilən məlumatlara görə, şəhərin mərkəzi həbsxanasında azərbaycanlı dörd mədəni fəal və fəhlə aclıq aksiyasına başlayıb.

HRANA (İran İnsan Haqları Fəalları Xəbər Ajansı), Əsri NovRəhsa News xəbər saytlarında verilən məlumatlarda deyilir ki, İranda fəhlələr birliyinin təsis edilməsi uğrunda mübarizə aparan Şahrux Zamani və Məhəmməd Cərrahi məhkəmənin qərarı, habelə həbsxanada saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirir.

Azərbacyanlı fəallar həbsxananın “metodon” adı ilə tanınan bölümündə narkotik maddələr mübadiləsinə görə məhkum edilmiş məhbuslarla bir yerdə saxlanır. Həbsxananın bu bölümündə saxlanan bəzi məhbuslara narkotik maddələrdən istifadəni dayandırmaq məqsədilə metodon maddəsi verilir. Məhbuslar arasında QİÇS, ya da hepatit xəstələrinin də olduğu deyilir. Xəbər mənbələrində Şahrux Zamani və Məhəmməd Cərrahi ilə birlikdə aclıq aksiyası keçirilən digər iki məhbusun adı qeyd edilməyib.

Şahrux Zəmanini Müdafiə komitəsi bir neçə gün bundan əvvəl Zamani ilə yanaşı, Məhəmməd Cərrahi, Hadi Mirzəli, Cavid Hütənkiyan, Nihat Tüncər və Cumhur Özgücün Təbriz həbsxanasında təzyiqlərə məruz qaldıqları haqda xəbər yaymışdı.

Təbrizli ədliyyə vəkili Cavid Hütənkiyan həyat yoldaşını qətlə yetirmək ittihamı ilə ölüm cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin vəkilidir.

Onların həbsxanadan evə zəng vurması və təmiz hava almaq üçün gəzintiyə çıxmasına, habelə başqa məhbusların ailə üzvlərilə görüşünə izn verildiyi halda, onların ailələri ilə görüşünə icazə verilmədiyi bildirilir.

Müdafiə komitəsi Cumhur Özgüc və Nihat Tüncərin aclıq aksiyasına Şahrux Zamani və Məhəmməd Cərrahidən bir neçə gün əvvəl başladığını və həbsxana rəsmilərinin aksiya haqda xəbərin yayılmasının qarşısını almaq onları bir nəfərlik hücrələrə keçirdiyini bildirir.

Cumhur Özgüc və Nihat Tüncərin hansı ittihamlar əsasında həbsdə olduğu və onların cəza müddəti haqda xəbər verilmir.

Məhəmməd Cərrahi İranın təhlükəsizliyinə hədə təşkil etmək ittihamı ilə 6 il, Şahrux Zamani isə eyni ittihamla 11 il həbs cəzasına məhkum olub.

XS
SM
MD
LG