Accessibility links

Maşallah Rəzmi: ‘29 Bəhmən’ üsyançıları Xomeyni deyil, Şəriətmədari tərəfdarları idilər [Audio-Müsahibə]


Güneyli yazar 1978-ci ilin fevralında Təbrizdə baş vermiş üsyan haqda danışır

“O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi. Amma Təbriz hərəkatı ümumi bir hərəkat oldu,” deyə müasir tarix üzrə tədqiqatçı Maşallah Rəzmi 1978-ci il, 18 fevralda (29 Bəhmən) Təbrizdə baş verən üsyanı xarakterizə edir. Onun sözlərinə görə bu aksiyalar İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi idi. Azərbaycan və Şəriətmədari Tərəfdarlarının Hərəkatı kitabının müəllifi Amerikanın Səsi ilə söhbətdə 29 Bəhmən qiyamının mahiyyəti və bu hadisələrin Pəhləvi hakimiyyətinin yıxılmasında oynadığı rolu şərh edib.

Maşallah Rəzmi 29 Bəhmən üsyanı haqda danışır
please wait

No media source currently available

0:00 0:17:30 0:00

İran İslam Respublikası rəsmiləri də adətən 29 Bəhmən olaylarını İslam İnqilabına stimul verən hərəkat kimi qiymətləndirirlər. Maşallah Rəzmi həmin düşüncəni təsdiq etsə də, bu olayların mərkəzində olan qüvvələrin Ayətullah Xomeyni deyil Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları olduğunu vurğulayır.

Bəhmən hadisələrindən sonra millətin qorxusu töküldü. Bundan sonra arıq şaha bağlı olanlar və şahı dəstəkləyənlər qorxurdular, millət qorxmurdu. Bu baxımdan şah hökümətinin yıxılması oradan başlayır...
Maşallah Rəzmi

Rəzmi Təbrizin inqilablar beşiyi olması ya İranda türklər olmadan əsas dəyişikliklərin baş verməyəcəyinə dair ümumi inanca çevrilmiş düşüncələri əsasən paylaşdığını deyən müəllif deyir: “Türklər İranda min il hökümət ediblər... İranda tarixi hadisələrin türklərin tərəfindən ortaya çıxması yeni bir məsələ deyil. Hər zaman belə olub. Dost və düşmən bilir ki, İranda əsas dəyişikliklər türklərin əli ilə olub.”

Pəhləvi dönəminin siyasi fəalı 1978 fevralının 18-də Təbrizdə baş verən olaylar nəticəsində Pəhləvi rejiminin toplumda yaratdığı qorxu atmosferinin aradan qaldırıldığını ifadə edir:

“O hadisəyə qədər millət şahdan və onun yaratdığı polis sistemi və SAVAK-dan (Pəhləvi dönəminin məşhur təhlükəsizlik təşkilatı) qorxurdu, meydana çıxıb bir iş görə bilmirdilər... 29 Bəhmən hadisələrindən sonra millətin qorxusu töküldü. Bundan sonra artıq şaha bağlı olanlar və şahı dəstəkləyənlər qorxurdular, millət qorxmurdu. Bu baxımdan şah hökümətinin yıxılması oradan başlayır...”

1978 fevralın 18-də Təbrizdə həlak olanlar
1978 fevralın 18-də Təbrizdə həlak olanlar

Maşallah Rəzmi həmçinin 29 Bəhmən olaylarının başlanıb və vüsət alma şəklini ətraflı olaraq açıqlayır:

“O tarixdən 40 gün öncə Qum şəhərində baş verən hadisələrdə bəzi dini tələbələr öldürülür və bu ölənlərin biri Şəriətmədarinin tələbələrindən olur. Şəriətmədari o tələbənin qırxına görə Təbriz Bazarından dəvət edir ki, bazarı bağlayıb və ölənlərin yasını tutsunlar.”

Ayətullah Şəriətmədari və sabiq Azərbaycan valisi Marağalı Rəhmətulla Müqəddəm (sağda)
Ayətullah Şəriətmədari və sabiq Azərbaycan valisi Marağalı Rəhmətulla Müqəddəm (sağda)

Onun sözlərinə görə, 29 Bəhmən Qiyamını başladan xalq Ayətullah Xomeynini tanımayan Ayətullah Şəriətmədarinin tərəfdarları və təqlidçilərindən ibarət olub:

“Aksiyalarda iştirak edənlər ümumiyyətlə toplumdakı yoxsullar, fərş toxuyanlar və işçilər idi. Hərəkatın motoru Təbriz Bazarı idi və bazarın adamları Şəriətmədarinin təqlidçisi idilər, Xomeynini heç tanımırdılar. Xomeyninin sözü ilə yox Şəriətmədarinin sözü ilə bazarı bağlamışdılar.”

“Təbrizdəki olaylarda bir çox ölən, yaralanan və tutulan oldu və bunun üzərində başqa şəhərlərdə də hərəkətə keçdilər. Təbriz hadisələrinin qırxı başqa şəhərlərdə keçirildi... və bu qırx mərasimləri İslam İnqilabına qədər davam etdi... Demək olar ki, inqilabın başlanışı 29 Bəhmən (18 fevral 1978) Təbrizdə olur və bir ildən sonra nəticə verir və rejim yıxılır,” deyə güneyli yazar baş verənləri təsvir edir.

XS
SM
MD
LG