Accessibility links

Təbrizdə ərəblərə dəstək aksiyası ilə bağlı həbs edilən 11 vətəndaşa bəraət qazandırılıb


İyulun 24-də Təbrizdə baş tutan ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs edilən 11 vətəndaşa məhkəmə tərəfindən bəraət hökmü verilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən Ulduz Qasımi, Münirə Çəməngülzar, Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağlı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazımi, Arif Muradpur, Əbülfəz Kəraməti və Hüseyn Yusifiyə bəraət qazandırılıb.

Adları keçən vətəndaşlara qarşı "Qeyri-adi hərəkətlər, hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq və qanunsuz mitinqə qatılaraq əhalinin işinə əngəl yaratmaq və ictimai asayişi və təhlükəsizliyi pozmaq” ittihamı irəli sürülmüşdü.

İyulun 24-də Təbrizdə yaşayan bir çox vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər.

Mitinq zamanı başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı.

Bu mitinqlə əlaqədar həbs edilən vətəndaşlara qeyd olunan ittihamdan əlavə "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" kimi digər ittihamlar da irəli sürülüb. Həmin mitinqlə bağlı həbs edilən vətəndaşların məhkəmə prosesi hələ də davam edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG