Accessibility links

İran Azərbaycanında Dünya Ana Dili Günü qeyd edilir


Təbriz

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə türk dil haqları fəalları 21 fevral Dünya Ana Dili Günü Münasibətilə türkcə kitablar paylayır, həmçinin divarlara şüarlar yazır, plakat və afişalar yerləşdirirlər.

Sosial şəbəkələrdə yayılan görüntülü xəbərlərə əsasən, dil hüquqları müdafiəçiləri Təbriz şəhərinin müxtəlif küçələrində yüzlərlə uşaq və yeniyetməyə türkcə kitablar hədiyə ediblər.

Keçən günlərdə Urmiyə başda olmaqla Qərbi Azərbaycan vilayətinin müxtəlif bölgələrində də oxşar fəaliyyətlər həyata keçirilib.

İran Azərbaycanında sosial media istifadəçiləri də #AnaDili haştaqı ilə yazılar paylaşaraq İranda “dil ayrı-seçkiliyinə” etirazlarını bildirirlər. Bəzi istifadəçilər isə məktəb illərində və ya İranın mərkəz şəhərlərində farscanı yaxşı bilmədikləri üçün üzləşdikləri çətinliklərlə əlaqədar xatirələr paylaşırlar.

Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi öz Twitter hesabında yazıb ki, “İran Konstitusiyasına əsasən fars dilinin rəsmiliyi rəsmi sənədlər, yazılar və yazışmalar, habelə dərs kitabları ilə məhduddur. Bunun ümumiləşdirilməsi və şifahi kommunikasiyalara tətbiq edilməsi qanunsuzluq və qeyri-fars vətəndaşlara qarşı iki-qat zülmdür. Baxmayaraq ki, konstitusiyada yazılan maddə də vətəndaşların hüququna təcavüzün başlanğıcıdır və dəyişdirilməsi lazımdır.”

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Keçən təqribən 15 il ərzində İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə üzləşib.

Şərhlərə bax

XS
SM
MD
LG