Accessibility links

Təbrizdə küçə heyvanlarının öldürülməsinə etiraz edilir


Təbriz bələdiyyəsi tərəfindən küçə heyvanların boğaraq öldürülməsi vətəndaşlar tərəfindən etiraza səbəb olduqdan sonra şəhər rəsmiləri mövqe bildirmək məcburiyyətində qalıb.

İran mətbuatında yayımlanan xəbərlərə görə, Təbriz meri, bələdiyyə başqanı və şəhər şurası üzvləri küçə itlərinin toplu şəkildə öldürülməsinin dayandırılmasını istəyiblər.

Sosial mediada yayımlanan videolarda küçə itləri bir komyonetə toplanaraq ip vasitəsilə boğulub öldürüldüyü müşahidə edilib. Buna qarşı bəzi vətəndaşlar və heyvan hüquqları fəalları heyvanları toplayan maşınlara müdaxilə edərək itləri qurtarıblar. Daha sonra vətəndaşlar bələdiyyə binasının qarşısında mitinq keçirib şəhərdə küçə heyvanlarının sayını məhdudlaşdırmaq üçün sterilizasiya proqramları həyata keçirməyi tələb ediblər.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, bir neçə gün əvvəl Təbriz vətəndaşlarının bələdiyyəyə qarşı etiraz aksiyaları nəticəsində Təbrizin şəhər şurasının buhəftəki iclasının əsas mövzusu bu məsələyə həsr olunub.

Təbriz şəhər şurasının sədri Şəhram Dəbiri şuranın iclasında deyib ki, şuranın küçə itləri ilə bağlı siyasəti aydındır və buna əsaslanaraq bu itlər qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə lazımi şəkildə toplanmalı və sterilizasiya olunmalıdırlar."

Vətəndaşların etiraz aksiyasında istefaya çağırdıqları Təbriz Bələdiyyə Başqanı İrəc Şəhin-Baher bələdiyyə və ona bağlı təşkilatlar tərəfindən küçə heyvanlarının toplanması üçün heç bir əmr verilmədiyini irəli sürüb. O, bu məsələ ilə əlaqədar podratçılarla müqavilənin ləğv edildiyini bildirərək, vətəndaşlardan üzr istəyib.

Həmçinin Təbriz Qubernatorluğu bu məsələ ilə bağlı bildiriş yayımlayaraq bələdiyyənin küçə heyvanları üçün uyğun sığınacaq və qıdasını təmin etməsini istəyib.

Mayın 14-də sosial mediada Təbriz şəhərinin bələdiyyə məmurları tərəfindən sahibsiz itləri qeyri-insani bir şəkildə tutub və ip vasitəsilə boğaraq öldürməyə çalışdıqlarına dair videolar nümayiş etdirilmişdi.

XS
SM
MD
LG