Accessibility links

Təbrizdə İran-Azərbaycan biznes forumu keçirilib


Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilib. Forumda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, bu nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriən forumda rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Nazir Şahin Mustafayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanla İran arasında energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib.

"Şimal-Cənub nəqliyyat dəhlizi, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq", o qeyd edib.

İş adamlarını fəal əməkdaşlığa dəvət edən nazir Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib. “Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər. Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur”, o qeyd edib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaez son zamanlar iki ölkə arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd edib. O, Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib.

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə isə Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

XS
SM
MD
LG