Accessibility links

Təbrizdə 2 fəala imamlardan hədis əzbərləmə cəzası verilib


Təbrizdə qanunsuz mitinqə qatılmaqda suçlanan iki fəala şiə imamlarından hədis əzbərləmə cəzası verilib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, “Fərzad Vəli Üsküyi və Əmirməhəmməd Tədəyyün bir həftəlik məhəllə məscidində şiə imamlarından hədislər əzbərləməyə məhkum ediliblər.”

Üsküyi və Tədəyyün keçən iyul ayının 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar nəzarət altına alınıb, bir müddət sonra 60 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

HRA-nın xəbərinə görə, iki fəal “qanunsuz mitinqə qatılıb, hay-küy və qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə ediliblər.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

XS
SM
MD
LG