Accessibility links

DTX rəisi: İraqda 300-ə yaxın azərbaycanlı məhv edilib


"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib".

Report agentliyinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

"Əməkdaşlarımız hazırda İraqdadırlar və məlumatın nə dərəcədə doğru olub-olmadığını araşdırırıq", o qeyd edib.

DTX rəisinin sözlərinə görə, son illər 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub.

"Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və penitensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".

M.Quliyev bildirib ki, Azərbaycanda müvafiq qurumlarla birgə planlı şəkildə işlər aparılır ki, azərbaycanlı gənclər dini radikalizmlə bağlı səhv yollara getməsinlər.

DTX rəisinin sözlərinə görə, Azərbaycanda da xeyli sayda terrora cəhd hazırlığı görənlər olub və onlar DTX-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.

"Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirərək bu kimi cəhdlərin qarşını vaxtında ala bilir".

M.Quliyev hesab edir ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil.

"Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlətlər bu kimi yırtıcı casusları işlədir. Dövlətin hüquq-mühafizə orqanları bununla mübarizə aparır".

M.Quliyev deyib ki, Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir", o bildirib.

DTX rəisi Azərbaycanda son 5-6 il ərzində reket jurnalistika ilə məşğul olan insanların sayının çoxaldığını da bildirib.

"Reket jurnalistika ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir. Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı onların qarşısı alınır", o qeyd edib.

XS
SM
MD
LG