Accessibility links

Tehran məhkəməsi türk fəallara həbs və sürgün cəzası verib


Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azad

Tehran vilayətinin Apellyasiya Məhkəməsi keçən dekabr ayında kassasiya şikayətinə baxdığı dörd türk dil haqları fəalı Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafinin hökmünü açıqlayıb.

Fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) bu haqda məlumat yayıb.

Məlumata əsasən, Tehran vilayəti apellyasiya məhkəməsinin 54-cü şöbəsində çıxarılan hökm haqda yanvarın 20-də türk fəalların vəkili Məhəmmədrza Fəqihiyə bildirilib.

Həmid Mənafi, Əlirza Fərşi, Məhəmmədrza Fəqihi (vəkil), Əkbər Azad vəBehnam Şeyxi
Həmid Mənafi, Əlirza Fərşi, Məhəmmədrza Fəqihi (vəkil), Əkbər Azad vəBehnam Şeyxi

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib.

İlkin məhkəmənin hökmünə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi isə 10 il həbs və müvafiq olaraq İlam vilayətinin Dərrəşəhər, Xuzistan Vilayətinin Məscid Süleyman və Luristan vilayətinin Azna şəhərlərində 2 il sürgündə yaşamağa məhkum olunublar.

Həbs və sürgünə məhkum olan fəallardan biri, Əlirza Fərşi yanvarın 8-də Tehranda iş yerində tutulduqdan bəri Tehranın Evin həbsxanasında nəzarət altında saxlanılır.

XS
SM
MD
LG