Accessibility links

Tehranda dörd milli fəal həbs edilib


Tehranda həbs edilmiş fəallar
Tehranda həbs edilmiş fəallar

İranda Ana Dili Günü ilə bağlı həbslər davam edir

Azərbaycan saytları Dünya Ana Dili Günündən etibarən Tehranda yaşayan türk fəallara qarşı başladılan həbslərin davamı olaraq daha dörd milli fəalın nəzarət altına alındığını bildirir. Yayılan məlumata görə, mart ayının 5-də Behnam Şeyxi, martın 8-də Həmid Mənafi Nadarlı, bir gün sonra isə blogger Mahmud Ocaqlı və milli fəal Rüstəm Kazımpur İranın təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər.

“Təhlükəsizlik məmurları martın 9-da Mahmud Ocaqlı və Rüstəm Kazımpuru Tehrandakı iş yerlərində nəzarət altına alıblar. Fəalların haraya aparıldığı bəlli deyil. Məmurlar həmçinin Kazımpurun evinə gedib, onun kompüter və digər şəxsi əşyasını müsadirə ediblər,” deyə Oyan News veb səhifəsi bildirir.

Günaz TV veb səhifəsi isə martın 8-də həbs edilən Həmid Mənafi Nadarlı ilə bağlı məlumat yayıb. Nadarlı həmçinin fevralın 21-də İran polisi və təhlükəsizlik qüvvələrinin Ana Dili Günü ilə bağlı keçirilən toplantıya hücum etdikləri zaman məmurlar tərəfindən döyülüb.

Son günlərdə həbs edilən fəalların bəzisi fevralın 21-i Dünya Ana Dili Günündə də nəzarət altına alınıb, ancaq bir neçə saatdan sonra sərbəst buraxılıb. Güneyli jurnalist və Oyan News saytının baş redaktoru Məcid Xoşəxtər Amerikanın Səsinə açıqlamasında fevralın 21-də həbs edilmiş fəallardan Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthinin hələ də həbsdə saxlanıldığını qeyd edib. Milli fəal İsrafil Sultaniyan isə müvəqqəti olaraq azadlığa buraxılıb.
XS
SM
MD
LG