Accessibility links

Tehran yaxınlığındakı hərbi baza ərazisində partlayış baş verib


İranın Müdafiə Nazirliyi Tehranın şərqində vacib hərbi baza yaxınlığındakı qaz anbarında partlayış baş verdiyini deyib.

İyunun 26-da İran dövlət televiziyasına danışan Müdafiə Nazirliyinin sözçüsü Davud Əbdi bildirib ki, partlayış hərbi ərazidə deyil, Parçin hərbi kompleksinin ''ictimaiyyətə açıq ərazi"-sində baş verib.

Qərb kəşfiyyat orqanları Tehranın on il bundan əvvəl sözügedən hərbi ərazidə nüvə silahının inkişafı ilə əlaqəli sınaqlar keçirdiyinə inanır. İran isə bu iddiaları rədd edir.

Davud Əbdi partlayışın səbəb olduğu yanğının nəzarətə alındığını və itki olmadığını deyib. Lakin partlayışın səbəbi barədə heç bir məlumat verməyib.

Ancaq İran İslam İnqilabı Keşikçiləri Korpusuna (IRGC) yaxın olan Fars xəbər agentliyi "məlumatlı bir mənbə"-dən sitat gətirərək xəbər verib ki, partlayış hərbi bazanının yaxınlığındakı qaz anbarında baş verib.

Farsın məlumatına görə, mənbə partlayışın hərbi bazanın özü ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. O, həmçinin polisin partlayışı araşdırdığını söyləyib.

Digər xəbəbr agentliyi - Mehr Tehranın şərqində yüksək səs eşidildiyi barədə qısa bir xəbər verib.

Mehr İranın fövqəladə hallar xidmətinin bir səlahiyyətlisinə istinadən bildirib ki, partlayış baş verən ərazidən təcili yardım və dəstəklə bağlı çağırış gəlməyib.

Sosial mediada yayılmış foto və videolarda iyunun 26-sı gecə yarısından az sonra Tehranın şərqində parlaq narıncı bir işıqla müşayiət olunan partlayışın baş verdiyi görünür.

Parlaq işığın ardınca böyük bir tüstünün havaya qalxması da görünüb.

İrandan xaricdə əməliyyatlara cavabdeh olan Qüds Qüvvələrinə yaxın olduğu bilinən bir sosial media kanalı əvvəlcə partlayışın Parçin hərbi bazasında olduğu bildirib. Lakin sonradan bu xəbər geri götürülüb və partlayışın Xojir adlı ərazidə baş verdiyi deyilib. İran hakimiyəti təhlükəsizliklə əlaqəli hadisələrlə bağlı dərhal və dəqiq məlumat vermir.

XS
SM
MD
LG