Accessibility links

Rəsmilər Tehranda partlayış barədə xəbərləri təkzib edir


İranın dövlət telekanalı IRIB və Mehr yarı-rəsmi xəbər agentliyi sosial mediaya istinadən xəbər verir ki, iyulun 10-da səhər saatlarında Tehranın qərbində partlayış səsi eşidilib.

Lakin rəsmilər həmin ərazidə hər hansı partlayışın olduğunu inkar edib.

IRIB partlayışın olduğu iddia edilən şəhərətrafı bölgədə elektrik enerjisinin kəsildiyini bildirib. Yayılan xəbərlərdə partlayışın səbəbi barədə heç bir məlumat verilməyib.

Qüds şəhərinin qubernatoru Leyla Vasegi partlayış xəbərlərini təkzib edərək onların "şayiələr" olduğunu bildirib.

"Təhlükəsizlik orqanları Qüds şəhərində və Gərmdərədə partlayış səsinin olduğunu təsdiqləmirlər" deyə Vasegi yarı-rəsmi Fars xəbər agentliyinə bildirib.

Hökümətin rəsmi IRNA xəbər agentliyinin məlumatın görə, Vasegi elektriyin kəsildiyini etiraf edib, lakin bunun yalnız beş dəqiqə davam etdiyini və buna bir xəstəxanada gedən işlərin səbəb olduğunu bildirib.

Parlamentdə Qüds şəhəri və Şəhriyar bölgəsini təmsil edən millət vəkili Hüseyin Haqverdi Tehranın qərbində yerləşən üç ərazidə - Qüds, Lamard və Şəhriyarda partlayışın olmadığını söyləyib.

O, elektrik enerjisinin kəsilməsinə elektrik idarəsinin yaranan problemi həll etməyə çalışarkən gördüyü işlərin səbəb olduğunu bildirib.

Yarı-rəsmi ILNA xəbər agentliyi Energetika Nazirliyinin rəsmisinə istinadən xəbər verir ki, müvəqqəti elektrik kəsilməsinə Qüds şəhərində aparılan işlər səbəb olub.

Son bir həftə ərzində İranın hərbi, nüvə və sənaye obyektləri ətrafında bir neçə partlayış və yanğın baş verib.

XS
SM
MD
LG