Oktyabrın 20-də Bakıda Education USA, ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçirilib.
Sərgini ziyarət edənlərə doqquz ABŞ universitetinin nümayəndəsi, mübadilə proqramlarının məzunları universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında məlumat verib.
Sərgidə iştirak edən ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Villiam Gill bildirib ki, Amerikada təhsil almaqda maraqlı olan çoxsaylı gənc sərgifə iştirak edib. Cənab Gilin sözlərinə görə, ABŞ-da 4500-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir və hazırda ABŞ-da yüzlərlə azərbaycanlı tələbə təhsil alır.
“ABŞ Azərbaycanın gələcək nəsil tədqiqatçılarının, təhsil və digər sahələrdə mütəxəssislərinin yetişməsinə kömək göstərmək məqsədilə yüksək səviyyədə keyfiyyətli təhsil təklif edir. Biz çox məmnunuq ki, ABŞ Dövlət Departamentinin dəstəyi ilə Amerikada təhsil təşəbbüsü fəaliyyəti çərçivəsində bugünkü sərgidə 9 ali məktəbin nümayəndəsi iştirak edir. Bu fürsət iştirakçılara onları maraqlandıran suallara cavab almaq, eyni zamanda, ABŞ-da təhsil barədə ətraflı məlumat əldə etmək imkanı verir. Sərginin təşkilatçılarından olan “Education USA” Azərbaycanda ilboyu Amerikada təhsil almaq istəyənlərə bu ölkənin ali məktəbləri, müxtəlif təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir”, o qeyd edib.
“Educatin USA” ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin ABŞ-da ali təhsil almalarına yardım edir. “Education USA” ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və bu il yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.