Accessibility links

Teresa Mey müsəlmanlara qarşı “iyrənc” hücumu qınayıb


Britaniyanın baş naziri Teresa Mey müsəlmanlara qarşı “iyrənc” adlandırdığı hücumu pisləyib.

London polisi bazar ertəsi mikroavtobusun məscid yaxınlığında piyadaları vurduğunu bildirib.

Terrorizmin bütün formaları kimi, bu hücum da eyni fundamental məqsəd daşıyır. Bu da bizi bölmək, bizim bu ölkədə bölüşdüyümüz həmrəylik və vətəndaşlıq kimi qiymətli bağları qırmaqdan ibarətdir. Biz bunun baş verməsinə imkan verməyəcəyik.
Teresa Mey

Sürücü mikroavtobusu Londonun şimalında ən böyük məscidlərdən biri olan Finsböri Park Məscidi yaxınlığında gecə yarıdan sonra ibadətdən qayıdan bir qrup insanın üzərinə sürüb. Bir nəfər hadisə yerində həyatını itirib, 10 nəfər yaralanıb. Rəsmilər hadisəni terror aktı olaraq qiymətləndirir.

Polis məscidlərin təhlükəsizliyini qiymətləndirib, müqəddəs Ramazan ayının bitməsi münasibətilə keçiriləcək tədbirlərdən öncə ehtiyac olan resursları təmin edəcək.

“Müsəlmanlara qarşı bu hücum onların ibadət yerlərinin yaxınlığında baş verib. Terrorizmin bütün formaları kimi, bu hücum da eyni fundamental məqsəd daşıyır. Bu da bizi bölmək, bizim bu ölkədə bölüşdüyümüz həmrəylik və vətəndaşlıq kimi qiymətli bağları qırmaqdan ibarətdir. Biz bunun baş verməsinə imkan verməyəcəyik”, Teresa Mey televiziya ilə yayımlanan müraciətində bildirib.

Londonun meri Sadiq Xan hadisəni “bizim şəhərimizə qarşı dəhşətli bir hücum” adlandırıb.

Britaniya Müsəlmanlar Şurasının baş katibi Harun Xan söyləyib ki, şahidlərin bildirdiyinə görə, sürücünün hücumu islamofobiyaya əsaslanır.

London son aylar bir sıra insidentlərə səhnə olub. Keçən ay Mançester şəhərində terrorçu bomba hücumu törədilmiş, London körpüsündə isə islamçı militantlar maşını insanların üzərinə sürüb və bir neçə nəfəri bıçaqlamışdı.

XS
SM
MD
LG