Accessibility links

Paris hücumunda şübhəli bilinən şəxs polisə təslim olub


Parisin məşhur Champs Elysee xiyabanında terror hücumunda əli olduğu deyilərək, axtarışda olan belçikalı şəxs Antverpen rəsmilərinə təslim olub.

Belçika prokurorluğu bu gün bildirib ki, həmin şəxs sosial mediada özünün "bir nömrəli" şübhəli şəxs kimi axtarıldığını gördükdən sonra cümə axşamı gecə saatlarında polisə gedib. Lakin şübhəli və onun hücumla əlaqəsi barədə heç bir məlumat verilməyib.

Biz ələlxüsus seçkilərlə əlaqədar sayıqlığımızı ən yüksək səviyyədə saxlayacağıq.
Fransua Olland, Fransa prezidenti

Terror hücumunun məsuliyyyətini öz üzərinə götürən İslam Dövləti özünün mətbuat orqanı vasitəsilə hücumçunun qrupun Belçikalı Əbu Yusif adlı döyüşçüsü olduğunu bildirib.

Paris polisi isə öldürülən silahlının kimliyinin müəyyən edildiyini bildirsə də, nə adını, nə də İŞİD-lə əlaqəsi olduğunu deyib. Polisin bildirdiyinə görə, öldürülən şəxsin ailə üzvlərindən üç nəfər nəzarət altına alınıb və sorğu-sual edilib.

Fransa prezidenti Fransua Olland deyib ki, o bu hücumun terror aktı olduğuna əmindir.

Hadisə fransızların bazar günü seçkilərinə hazırlaşdığı vaxt baş verib.

Fransa prezidentliyinə namizədlərin hücumlara reaksiyaları müxtəlif olub. Ultra sağçı partiyanın rəhbəri Marine Le Pen hücuma görə "dəhşətli totalitar ideologiya olan radikal İslam"-ı günahlandırıb. Mərkəzçi namizəd Emmanuel Macron Fransanın qorxuya təslim olmayacağını bəyan edib.

Vaşinqtonda hücuma reaksiya verən ABŞ Prezidenti Donald Tramp fransız xalqına başsağlığı verərək zorakılıqlara son qoymağın vacibliyini vurğulayıb.

Cümə günü yazdığı tweet-də Prezident Tramp terror hücumunun səsverməyə "böyük təsir" göstərəcəyini bildirib.

"Parisdə yenə də terror hücumu. Fransa xalqı buna çox dözməyəcək. Prezident seçkilərinə böyük təsiri olacaq!" o yazıb.

ABŞ Prezidenti seçkilərdə hansı namizədi dəstəklədiyini aydın etməyib.

Fransada ötən 2 il ərzində islamçı ekstremistlərin hücumları 230-dan çox insan həyatına son qoyub.

XS
SM
MD
LG