Accessibility links

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 8 il keçir. Dünyada və xüsuslə Qərb ölkələrində terror hücumlarının geniş vüsət aldığı indiki dövrdə Bakıda, paytaxtın mərkəzi küçələrindən birində yerləşən Neft Akademiyasına silahlı hücum və bu hücum ətrafında baş verənlər əhəmiyyət kəsb edir.

Rəsmi məlumatlara görə, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Ancaq o özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradana terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.

2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildirib.

İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.

Vəkillər qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Müttəhimlər isə bildirib ki, ifadələrini işgəncə altında veriblər. Lakin iki ekspertiza işgəncə tətbiq olunduğunu təsdiqləməyib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edib. O əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. F. Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.

Bununla yanaşı, jurnalistlər dəfələrlə Mardin Qymaşyanın yaşadığı evdə olub. O hər hansı terroru maliyyələşdirmədiyini, təşkilatçısı olmadığını, sadə əməkçi adam olduğunu bildirib. Qumaşyan indi də Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dinirilməyib.

Ekspertlər Neft Akadeniyasında silahlı hücumun sırf terror hadisəsi olduğunu düşünür.

Hadisədən sonra, hazırda ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin keçmiş nazirinin birinci müavini, Azərbaycan Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər Amerikanın Səsinə deyib ki, ali məktəbdə kütləvi qətl Azərbaycanın Qərblə əlaqələrinin qarşısını almaq məqsədi ilə törədilib.

“Neft Akademiyasında törədilən kütləvi qətlin əsl motivləri açılmayıb. İstintaqın müəyyən etdiyi erməni əsilli, Gürcüstan vətəndaşı Mardun Qumaşyan belə indiyədək dindirilməyib. O, rahat yaşayır və kiçik bizneslə məşğul olur. Bakı isə susur, belə deməyə əsas verir ki, cinayətin sifarişçisi o deyil”.

Cənab Əkbərin sözlərinə görə, terror aktı Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

“Ali məktəbdə kütləvi qətl Nabucco layihəsinin müzakirəsi ərəfəsində törədilib. Terror aktından sonra Azərbaycan layihəni dəstəkləməkdən imtina etdi, Türkiyə ilə qazla bağlı ziddiyyətlər başladı və Rusiyaya verilən qazın həcmi artırıldı”.

Ekspert bildirib ki, Azərbaycan və Gürcüstan İnterpolun, beynəlxalq konvensiyaların üzvləridir. “Odur ki, zəruri materialların gürcü tərəfinə verilməsinə və əsl sifarişçilərin üzə çıxarılmasına heç bir maneə yoxdur. Lakin Bakı bilir ki, Tbilisi hərtərəfli istintaq aparacaq və elan edəcək ki, cinayətin arxasında Rusiya durur. Bakı isə Kreml ilə münasibətləri pozmaq istəmir. Bundan əlavə, istintaq o qədər səriştəsiz aparılıb ki, onun gürcü tərəfinə təqdim etmək rüsvay olmaq deməkdir və bu da növbəti qalmaqala səbəb olar”.

Cənab Əkbər hesab edir ki, nə qədər ki, Azərbaycanda indiki rejim hakimiyyətdədir, bu cür terror aktları açılmamış qalacaq, əsas təşkilatçıların və sifarişçilərin adları açıqlanmayacaq.

“Ola bilsin ki, cinayətin icraçıları ilə təsadüfən tanış olmuş günahsız adamlar əziyyət çəksin. Qlobalizm və müasir geosiyasi qarşıdurma şəraitində terrorizmlə mübarizə beynəlxalq birliyin işidir. Odur ki, Azərbaycan hakimiyyəti tərəfdaşları və dostları ilə səylərini koordinasiya etməlidir. Əks halda ölkəni daha ciddi təhlükələr gözləyə bilər”, o qeyd edib.

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu terror daxili qüvvələrin birbaşa iştirakı və xaricdən təşkilatçılıq dəstəyi ilə həyata keçirilib.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyası yeni - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adı altında fəaliyyətini davam etdirir. ADNSU-nun yeni rəhbərliyi bu ilin fevralında terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırıb.

XS
SM
MD
LG