Accessibility links

“Texnikabank”ın əməkdaşları, o cümlədən Elnur Seyidovun işi üzrə məhkəmə başlayıb


Elnur Seyidovun məhkəməsi
Elnur Seyidovun məhkəməsi

Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır. “Günahsız insanlar siyasətin qurbanı olmamalıdırlar”, Ə.Kərimli bildirib.

Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov (AXCP sədri Əli Kərimlinin qaynı) və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Ümumilikdə 25 nəfər təqsirləndirilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Elnur Seyidovun vəkilləri onun barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin martın 6-da başa çatdığını, bundan sonra onun məhkəmə qərarı olmadan həbsdə saxlandığını bildiriblər. Vəkillər onun həbsdə qanunsuz saxlanması barədə məhkəmənin qərar verməsini istəyib, barəsində olan cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıblar.

Azər Cəfərlinin vəkili isə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət verib.

Etibar Əliyevin vəkilləri vəsatətlər versələr də, onların məzmunu açıqlanmayıb.
Hakim hazırlıq iclasının martın 27-də davam etdiriləcəyini, vəsatətlərə orada münasibət bildiriləcəyini deyib.

E. Seyidova qarşı Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittihamlar elan olunub.

Seyidov ona qarşı irəli sürülən ittihamların əsassız adlandırıb.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində qaynının həbsinə münasibət bildirib.
Bir ildir ki, onu qanunsuz olaraq MTN təcridxanasında saxlayırlar. Elnuru həbs etməklə hökumət praqmatik olaraq heç nə əldə etmir. Elnur siyasətçi deyil ki, həbslə onun fəaliyyətini məhdudlaşdırsınlar. Elnuru həbs etməklə mənim mövqeyimə də təsir etmək mümkün deyil.

Əminəm ki, xalqımız hakimiyyətin öz siyasi rəqibləri ilə zor dilində danışmasını, şərləyərək həbs etdirməsini təqdir etmir, sivil, mədəni olmayan davranış sayır; Siyasi rəqibin siyasətçi olmayan qohumlarının girov götürülməsini isə qətiyyən qəbul etmir.

Günahsız insanlar, hansı tərəfdən olur-olsun, siyasətin qurbanı olmamalıdırlar. Xəstə və təqsirsiz insanı qanunsuz olaraq həbs edib, girov saxlamaqla yalnız xalqın nifrətini qazanmaq olar.
XS
SM
MD
LG