Accessibility links

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu yekun oxunuşda qəbul edib, parlament yaxınlığında etirazçılar saxlanılıb


Gürcüstan parlamenti “Xarici təsir” haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. Bu barədə Azadlıq Radiosunun gürcü xidməti məlumat verib.

84 deputat qanun layihəsinin “lehinə”, 30 deputat “əleyhinə” səs verib, 58 deputat isə bitərəf qalıb.

Sənəd layihəsinə ikinci oxunuşda səsvermə zamanı olduğu kimi, iqtidar və müxalifət deputatları arasında mübahisə yaranıb və nəticədə bu, davaya çevrilib. 20-yə yaxın deputatın iştirak etdiyi insidentlə əlaqədar texniki fasilə elan edilib.

Texniki fasilə bitdikdən sonra parlament zalında müxalifətlə hakim çoxluq arasında toqquşmalar davam edib.

Səsvermədən bir gün əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi 67 saniyə ərzində qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirib və təsdiqləyib. Komitənin rəhbəri Anri Oxanaşvilinin sözlərinə görə, üçüncü oxunuşda yalnız redaksiya xarakterli düzəlişlər nəzərdə tutulurdu və hakim “Gürcü arzusu” partiyasının deputatları heç bir düzəliş həyata keçirməyib.

Ölkə prezidenti Salome Zurabişvili sənəd üçüncü oxunuşda qəbul olunarsa, ona veto qoyacağını vəd edib. Bununla belə, hakim “Gürcü arzusu” partiyası parlamentdə prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malikdir.

Bu arada Tbilisinin mərkəzində “xarici agentlər” haqqında qanuna qarşı kütləvi etirazlar davam edir. Səhər minlərlə etirazçı Gürcüstan parlamentinin binası qarşısına gəlib, onlara daha əvvəl paytaxtda kütləvi tətil elan etmiş ölkənin onlarla universitetinin tələbələri də qoşulub.

Nümayişçilər hakim partiyadan olan deputatların səsvermə zalına daxil olmasına mane olmaq üçün parlament binasının girişlərini bağlamağa çalışıblar. Lakin polis etirazçıları sıxışdırıb və parlamentə gedən küçələri bağlayıb, beləliklə də deputatların maneəsiz şəkildə binaya daxil olmasına şərait yaradıb.

Qanun səsə qoyulandan sonra etirazçılar parlament binasına daxil olmağa cəhd ediblər. Onlar metal hasarı sındırıblar, lakin onun arxasında dayanan təhlükəsizlik qüvvələri nümayişçiləri saxlamağa başlayıb.

Bundan əvvəl təhlükəsizlik qüvvələri Tbilisidə keçirilən etiraz aksiyalarında 20-dən çox adamı, o cümlədən Rusiya, ABŞ və Moldova vətəndaşlarını saxlayıblar.

Bir sıra Qərb ölkələrinin hökumətləri və beynəlxalq hüquq müdafiə təşkilatları “Xarici təsir” haqqında qanun layihəsini kəskin tənqid ediblər.

ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinin və hakim partiyasının hərəkətlərinin onun xalqının istəkləri ilə bir araya sığmadığını bəyan edib. “Gürcüstan hökuməti Aİ-yə daxil olmaq və NATO kimi transatlantik alyanslarla əlaqələr qurmaq istədiyini bəyan edib, lakin bu hökumətin həyata keçirdiyi bu cür qanunvericilik fəaliyyəti onun bəyan edilmiş məqsədləri ilə uyğun gəlmir”, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki, Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanun ölkəni repressiv rejimlərə yaxınlaşdıracaq. Hüquq müdafiəçilərinin fikrincə, qanun “qanuni vətəndaş fəaliyyəti və müstəqil medianı damğalayacaq və hakimiyyət orqanlarına işində razılaşmadıqları qeyri-hökumət təşkilatlarını cərimələmək və ya başqa cür cəzalandırmaq üçün istifadə edə biləcəkləri yeni vasitələr təqdim edəcək”.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində 20 faizdən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin göstərildiyi reyestrin yaranması nəzərdə tutulur. 2023-cü il martın 7-də Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Martın 8-də aksiya yenidən başlayıb və martın 9-da səhər saatlarında “Gürcü arzusu” və “Xalqın gücü” hərəkatı bu qanun layihəsini parlamentdən geri götürüb.

Buna baxmayaraq, 2024-cü il aprelin əvvəlində “Gürcü arzusu” qanun layihəsini yenidən parlamentə təqdim edib. Birinci variantdan fərqli olaraq, yenidən işlənmiş sənəddə “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici maraqları güdən təşkilat” ifadəsi işlədilir. Sənəd aprelin 17-də birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edilib. Sənədin qəbulu iqtidaryönlü çoxluq və müxalifət nümayəndələri arasında toqquşmalarla müşayiət olunub.

Forum

XS
SM
MD
LG