Accessibility links

ABŞ Husilərə göndərilən İran silahlarını Ukraynaya təhvil verib


ABŞ hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, Birləşmiş Ştatlar İran hərbi qüvvələrinin Yəməndəki husi militantlarına çatdırmaq cəhdi zamanı müsadirə etdiyi silah və sursatları Ukraynaya təhvil verib.

Keçən həftə baş tutan silah ötürülməsi Ukraynanın ciddi sursat çatışmazlığı ilə üzləşdiyi və Konqresin Kyiv üçün yeni yardım paketini hələ də təsdiqləmədiyi bir vaxta təsadüf edir.

Prezident Co Bayden Konqresdən Ukrayna, İsrail və digər müttəfiqlərə yardım məqsədilə 95 milyard dollar istəyib. Müraciət Senatda təsdiqlənib. Bununla belə, qanun layihəsi bir neçə həftədir ki, Nümayəndələr Palatasında bloklanır.

Qanunvericilər bazar ertəsi iki həftəlik fasilədən sonra Vaşinqtona qayıdan zaman Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsi ilə bağlı səsvermə planları barədə heç bir məlumat verməyib.

“Cümə axşamı ABŞ hökuməti Ukrayna ordusuna 5000-dən çox AK-47 avtomatı, pulemyot, snayper tüfəngi, RPG-7 və 500 mindən çox 7,62 mm-lik patron təhvil verib”, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbəkələrdə yerləşdirilən məlumatında bildirilir.

“Bu silahlar Ukraynaya özünü Rusiyanın müdaxiləsindən müdafiə olunmasına kömək edəcək”, məlumatda qeyd edilir.

Sənəddə bildirilir ki, ötürülən silahların sayı briqadanı təchiz etmək üçün kifayətdir.

CENTCOM-un verdiyi məlumata görə, silah və sursatlar 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Yəməndəki husiləri təchiz etmək üçün istifadə etdiyi dörd gəmidə ələ keçirilib.

Husilər 2023-cü ilin noyabrından Ədən körfəzi və Qırmızı dənizdə mülki gəmilərə hücumlar həyata keçirir.

“İranın silahlı qruplaşmalara dəstəyi beynəlxalq və regional təhlükəsizliyi, qüvvələrimizi, bölgədəki diplomatik personal və vətəndaşları, eləcə də tərəfdaşlarımızı təhdid edir. Biz İranın sabitliyi pozan fəaliyyətlərinə işıq salmaq və onları dayandırmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, CENTCOM vurğulayıb.

Forum

XS
SM
MD
LG