Accessibility links

Tibb işçiləri: Əl-Əqsada İsrail polisi ilə toqquşma nəticəsində 200 fələstinli xəsarət alıb


Şənbə günü tibb işçilərinin verdiyi məlumata görə, Əl-Əqsa kompleksində və Qüdsün başqa yerlərində fələstinlilərlə İsrail polisi arasında bütün gecə davam edən toqquşmalar nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

Ərazidə müqəddəs Ramazan ayı başlayandan bəri polisin populyar toplaşma yerində məhdudiyyətlər tətbiq etməsindən sonra hər gecə etirazlar keçirilib. Bu etirazlar son günlərdə fələstinlilərin Qüdsün şərqində evlərindən köçürülmələri ilə bağlı təhdidlərlə üzləşməsi səbəbindən yenidən başlayıb. Onillərdir davam edən bu münaqişənin hər iki tərəfi həmin əraziyə iddialıdır.

Əl-Əqsada iğtişaş geyimində olan İsrail polisinin minlərlə müsəlmanın axşam namazını qıldığı əraziyə göndərilməsindən sonra başlayan zorakılıqlara nəyin səbəb olduğu hələ ki, məlum deyil.

Gecə etirazçılardan ibarət böyük qruplar polisə daş atıb, İsrail polisi isə onlara qarşı rezin güllə və səs bombasından istifadə edib. Bir nöqtədə polis Əl-Əqsa məscidi və ikonik Qübbətüs-Səhranın yerləşdiyi kompleksdəki binalardan birinə daxil olub.

Fələstinin Qırmızı Aypara təşkilatı xəsarət alanlardan 88 nəfərin xəstəxanalara yerləşdirildiklərini bildirib. Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, 83 insan rezin güllə ilə yaralanıb. Onlardan üçü gözündən vurulub, ikinci ciddi baş travması alıb, ikisinin isə cənəsi qırılıb.

İsrail polisi bildirib ki, etirazçılar onlara daş, fişənq və başqa əşyalar atıblar və nəticədə 17 polis zabiti yaralanıb, onların yarısı isə xəstəxanaya yerləşdirilib. “Biz bütün zorakı iğtişaşlara, çaxnaşmalara və qüvvələrimizə qarşı hücumlara sərt cavab vərəcəyik,” polis cümə günü bəyanatında bildirib.

Əl-Əqsa məscidi İslam dünyasının üçüncü ən müqəddəs yeri hesab olunur. Kompleks həm də yəhudilər üçün müqəddəs yer hesab edilir və onlar onu Məbəd Dağı adlandırır. Ərazi uzun illərdir İsraillilərlə fələstinlilər arasındakı münaqişədə böyük mübahisə obyekti, habelə 2000-ci ildə fələstinlilərin İkinci İntifadası, yəni üsyanının episentri olub.

Əraziyə nəzarət edən İslam fondu 70,000-ə yaxın insanın Ramazan ayının son cümə namazını qılmaq üçün Əl Əqsa məscidinə getdiyini bildirib. Bunun ardınca minlərlə insan əllərində İslamçı militant qrup olan Həmasın yaşıl bayrağını dalğalandıraraq və Həması dəstəkləyən şüarlar səsləndirərək etiraz aksiyası keçiriblər.

İsrail aprelin ortalarında Ramazan ayı başlayandan bəri fələstinlilətin ənənəvi olaraq iftardan sonra bir araya gəldikləri populyar məkanı bağlayıb. Bu addım iki həftə davam edən toqquşmalara səbəb olub və daha sonra İsrail məhdudiyyətləri aradan qaldırıb.

Lakin son günlərdə İsrailin şərqi Qüdsdə Şeyx Carrahda məskunlaşmağa çalışan israillilərlə uzun hüquqi mübarizə aparan onlarla fələstinliyi qovmaqla hədələməsi səbəbilə etirazlar artıb.

Birləşmiş Ştatlar həm zorakılıq həm də “köçürmək təhdidləri” ilə bağlı “dərin narahatlığını” ifadə edib və bildirib ki, gərginliyi azaltmaq məqsədilə hər iki tərəfin liderləri ilə əlaqə saxlayıb.

XS
SM
MD
LG