Accessibility links

Gömrük Komitəsi kərə yağının qiymətinin qaldırılmasının gömrüklə bağlı olmadığını bildirib


Kərə yağı

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımın gömrük orqanlarının fəaliyyəti ilə əsaslandırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən Trend agentliyinə bildirilib ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Dövlət Gömrük Komitəsi bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi rüsumlarında hər hansı dəyişiklik olmayıb.

Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, DGK-dən deyiblər ki, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur: "Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28 377 938.84 ABŞ dolları dəyərində 8 357 095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998 149.22 ABŞ dolları dəyərində 8 391 526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir.

Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.

O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiyadan 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib.

Daxili bazarda formalaşan qiymətlərə gəlincə, bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil.

Bununla yanaşı, yerli mediabın məlumatına görə ölkəyə idxal olunan kərə yağının qiyməti daxili bazarda artmaqdadır. Hazırda 1 kiloqram kərə yağının pərakəndə satış qiyməti 14-18 manat arasında dəyişir.

Bununla yanaşı gömrükdə bir kiloqramı 4,28 dollara (7 manat 28 qəpik) rəsmiləşdirilən kərə yağının daxili bazarda hansı zərurətdən 14-18 manata satılması ilə bağlı rəsmi qurumlar hələ şərh verməyib.

XS
SM
MD
LG