Accessibility links

Time jurnalı “Sükutu pozanlar”ı ilin adamı elan edib


Time jurnalı seksual təcavüz və zorakılıq haqda məlumatlandırma kampaniyasına başlamış bir qrup qadını ilin adamı elan edib. Time jurnalının bildirdiyinə görə, “Sükutu pozanlar” adı ilə tanınan bu qrup sosial mediada haştaq yaradaraq, bir müqavimət hərəkatına rəvac verib. Sosial dəyişikliyə yol açmış bu hərəkat ayrı-ayrı qadınların sükutu pozub, cəsarətlə irəli çıxması ilə başlayıb.

"Sirləri açıb, pıçıltıları sosial şəbəkədə səsləndirib qəbul olunmaz hərəkətlərin qəbul edilməsinə son qoyan “Sükütu pozanlar” İlin adamı 2017 elan edilir", jurnal açıqlamasında bildirib.

Time jurnalının öz qabığında bu hərəkatın önündə olan qadınların fotoları yerləşdirilib. Bunlar amerikalı aktrisa və siyasi fəal Eşli Cadd (Ashley Judd), Uber şirkətində mühəndis Süzan Fouler (Susan Fowler), Kaliforniyada lobbiçi Adama İvu (Adama Iwu), müğənni Teylor Svift (Taylor Swift) və meksikalı İsabel Paskaldır (Isabel Pascual).

Sirləri açıb, pıçıltıları sosial şəbəkədə səsləndirib qəbul olunmaz hərəkətlərin qəbul edilməsinə son qoyan “Sükütu pozanlar” İlin adamı 2017 elan edilir.
Time jurnalı

Bu qadınların hər biri istər Hollivud və şou biznes ulduzu olsun, istərsə də adı ictimaiyyətə yaxşı məlum olmayan vəkil, özündə cəsarət taparaq, seksual təcavüz və zorakılığa məruz qaldıqlarını ictimaiyyətə açıqlayıblar.

Time jurnalının baş redaktoru Edvard Falsental deyib ki, #MeToo haştaqı “bizim son on illiklərdə müşahidə etdiyimiz ən sürətlə yayılan bir sosial dəyişiklik yaradıb.”

#MeToo haştaqından dünyanın 85 ölkəsində milyonlarla dəfə istifadə olunub.

Bu haştaqın yaranması tarixinə gəldikdə isə ilk dəfə olaraq, bu, qaradərili qadın hüquqları fəalı Tarana Burke tərəfindən 2007-ci ildə istifadə edilib. Hazırda 44 yaşı olan Burke bunu seksual təcavüzə məruz qalmış qaradərili qızların müdafiəsi məqsədilə yaratdığını bildirib.

#MeToo haştaqı “bizim son on illiklərdə müşahidə etdiyimiz ən sürətlə yayılan bir sosial dəyişiklik yaradıb.
Time jurnalının baş redaktoru Edvard Falsental

#MeToo haştaqı Hollivud prodüseri Harvi Vaynşteynə qarşı seksual təcavüzlə bağlı tanınmış aktrisalar tərəfindən ittihamlar qaldırılarkən mühüm sosial media alətinə çevrildi. Aktrisa Alissa Milanonun bu haştaql populyarlaşdırmasından sonra minlərlə qadın sosial media şəbəkələrində öz hekayələrini paylaşmağa başladı. Şoubiznes və əyləncə dünyası, ABŞ-ın siyasi dairələri və korporasiyalarda qadınların tanınmış aktyorlardan tutmuş, siyasətçilər və şirkət rəhbərlərinə qarşı seksual təcavüz ittihamları ilə çıxış etməsi istefalar, ya da işdən kənarlaşdırılmalarla ilə nəticələndi. Bu hekayələrdə qadınlar seksual təcavüz və zorakılıq nəticəsində aldıqları mənəvi zərərdən sonra öz həyatlarını təsvir edib.

Sosial mediada #MeToo haştaqı ilə başlamış dialoq indiyə qədər seksual təcavüz və zorakılığa dair presedenti görünməmiş açıq bir söhbətə çevrilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG