Accessibility links

Tixanovskaya Avropa Parlamentinə müraciət etdi


Prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya avqustun 25-də Avropa Parlamentinin beynəlxalq məsələlər komitəsi ilə video bağlantı zamanı Belarusda dinc inqilabın başlandığını və artıq müxalifət deyil, "çoxluq" olduğunu bildirib. Bu barədə TUT.BY yazır.

"Artıq biz müxalifət yox, çoxluğuq. Dinc inqilab baş verir. Belarusda inqilab geosiyasi deyil. Bu, Rusiyayönlü və ya Rusiya əleyhinə bir inqilab deyil, bu, anti-Avropa və ya avropayönümlü inqilab da deyil. Bu, demokratik bir inqilabdır. Bu, insanların özlərinin qərar verməyə can atmasıdır. Bu, insanların azad və vicdanla liderlərini seçmə və öz talelərini müəyyən etmə istəyidir. Belarusda inqilab zorakı deyil" - deyə Tixonovskaya açıqlayıb.

Onun sözlərinə görə, Belarus böhran içindədir, dinc nümayişçilər qanunsuz olaraq tutulur, həbs olunur və döyülür. Hakimiyyət qorxutma, qorxu və fiziki zorakılıq taktikalarından istifadə edir. Etirazlar nəticəsində ən azı altı nəfər ölüb, onlarla insan itkin düşüb.

"Bu, Avropanın mərkəzində baş verir" - deyə, o əlavə edib.

Svetlana Tixanovskaya yeni, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün Belarus hakimiyyəti ilə dialoq aparmağa hazır olduğunu da açıqlayıb. Onun sözlərinə görə, rəsmilər Koordinasiya Şurasının yaradılmasına şura üzvlərinə qarşı təhdid və hədə-qorxu ilə cavab veriblər.

"Qorxutma ilə alınmır. Təslim olmayacağıq. Təməl hüquqlarımıza hörmət tələb edirik. Bütün siyasi məhbusların sərbəst buraxılmasını tələb edirik. Hakimiyyət tərəfindən zorakılığa və hədə-qorxuya son qoyulmasını tələb edirik. Belaruslar daha yaxşısına, Avropa daha yaxşısına layiqdir" - deyə, Svetlana Tixanovskaya bəyan edib.

Seçkilərdən sonra ölkədə küçə mitinqləri, aksiyalar və tətillər davam edir. Bundan əlavə, Belarus sakinləri polis və OMON-un vəhşiliyindən qəzəblənirlər.

XS
SM
MD
LG