Accessibility links

Tofiq Yaqublu: `Ölümsə ölüm, azadlıqsa azadlıq!`-aclığın 15-ci günü


Tofiq Yaqublu-aclığın 15-ci günü

Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on beşinci gündür aclığı davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Avropa Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirilib
Avropa Məhkəməsinin qarşısında Tofiq Yaqubluya dəstək aksiyası keçirilib

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Mənim qərarım qətidir. İradəm möhkəmdir. Axıra qədər gedəcəm. Sonu nə olacaqsa olacaq. Ölümsə ölüm, azadlıqsa azadlıq!
Tofiq Yaqublu, aclıq edən siyasi xadim

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Sentyabrın 15-də vəkillərini və ailə üzvlərini görüşə buraxmayıblar. Sentyabrın 14-də Tofiq Yaqublunun qızı onunla görüşdən sonra bildirib ki, xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində olub.

“Mənə dedi ki, artıq sistem köçürülməsindən də imtina edirəm. Mənim qərarım qətidir. İradəm möhkəmdir. Axıra qədər gedəcəm. Sonu nə olacaqsa olacaq. Ölümsə ölüm, azadlıqsa azadlıq!,” o qeyd edib.

Mingəçevirdə Tofiq Yaqubluya dəstək aksiyası
Mingəçevirdə Tofiq Yaqubluya dəstək aksiyası

Tofiq Yaqublunu müdafiə aksiyaları genişlənməkdədir. Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, Kanadananın Toronto, Fransanın Strasburq şəhərində aksiyalar keçirilib.

Sentyabrın 15-də isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev "Tofiq Yaqubluya azadlıq!" tələbi ilə öz avtomobilində aksiya keçirərkən polis tərəfindən saxlanılıb.

Şərhlərə bax

XS
SM
MD
LG