Accessibility links

Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir


Tofiq Yaqublu aclıq edir
Tofiq Yaqublu aclıq edir

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu 6-cı gündür aclığı davam etdirir. Artıq Yaqubluya dəstək məqsədi ilə AXCP-nin fəalları Tofiq Məmmədov, Ayət İsmayıl və Elnur Məmmədov 6-cı gündür aclıq edir.

Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib ki, atasının səhhəti ilə bağlı məlumat ala bilmirlər.

“Biz onunla sentyabrın 5-də telefonla danışmışıq. Bir də sentyabrın 9-da onunla danışmaq imkanı veriləcək. Amma atamın səhhəti ilə bağlı çox narahatıq. O, xroniki astma xəstrəliyindən əziyyət çəkir, səhhəti çox zəifləyib. Biz Ədliyyə Nazirliyinə müraciət etmişik ki, atamla hər gün telefon əlaqəsinə icazə versinlər,” o qeyd edib.

Tofiq Yaqublunun həbsi barədə Nizami rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Sentyabrın 7-də vəkil Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi müxalif siyasətçi Tofiq Yaqublu ilə görüşüb.

Vəkil Amerikanın Səsinə bildirib ki, Yaqublu altıncı gündür aclığı davam etdirir.

Tofiq Yaqublunun aclıq aksiyasını çoxsaylı insanlar dəstəkləyir. Onlarla insan aksiyaya qoşulmaq üçün müraciət edib. Aksiyaya qoşulmaq istəyənlər Müsavat Partiyasına aksiyanı davam etdirmək üçün yer ayırması xahişi ilə müraciət edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, müraciətə bu gün baxılacaq.

“Bu gün Müsavat Partiyasının aclıq aksiyasını keçirmək üçün yer ayıracağı gözlənilir,” o qeyd edib.

Bununla yanaşı, Penitensiar Xidmət və Ədliyyə Nazirliyndən Yaqublunun saxlanılma şəraiti və səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

Tofiq Yaqublunun həbsi geniş tənqidlərə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri narahatlıq ifadə edən bəyanatlarla çıxış edib. Amnesty İnternational Tofiq Yaqublunu vicdan məhbusu elan edib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

XS
SM
MD
LG