Accessibility links

Tofiq Yaqublu: Bu proses Ramiz Mehdiyevin kürəkəninin məhkəməsi kimi canlı yayımlanmalıdır


Tofiq Yaqublu məhkəməyə gətirilib
Tofiq Yaqublu məhkəməyə gətirilib

"Bu proses canlı yayımlanmalıdır və bütün media nümayəndələrinə prosesdə iştirak etməyə imkan yaradılmalıdır. Necə ki, Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının məhkəmə prosesində mediaya imkan verilmişdi".

Bu barədə avqustun 25-də Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublunun işi üzrə növbəti prosesdə Yaqublunun özü deyib. Lakin hakim Nəriman Mehdiyev ölkədə koronavirus pandemiyasını səbəb gətirərək növbəti dəfə jurnalistləri və fəalları məhkəmə prosesinə buraxmaqdan imtina edib.

Bundan sonra Tofiq Yaqublu hakimə müraciət edərək "Ramiz Mehdiyevin qohumusunuz, nə əcəb toya çağırmayıblar sizi?" deyəndən sonra hakim məhkəmə prosesində qısa fasilə elan edib.

Məhkəmə prosesi zamanı Tofiq Yaqublunun vəkilləri öz müvəkkili ilə konfidensial söhbət etmək üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Hakim Nəriman Mehdiyev buna icazə versə də, prosesdə iştirak edən konvoy konfidensial söhbət zamanı vəkilləri və Yaqublunu tək buraxmayıblar.

Fasilədən sonra proses şahidlərin dindirilməsi ilə davam edib. Lakin şahidlərdən biri şəxsiyyət vəsiqəsini gətirmədiyinə görə, hakim həmin şahidin avqustun 26-da məhkəməyə gəlməsinin vaciibliyini bildirib.

Digər şahid isə məhkəməyə teleqram göndərib ki, prosesə qatıla bilməyəcək.

"Mən artıq iki dəfə məhkəməyə gəlmişəm, amma vəkillərin şıltaqlığı üzündən ifadə verə bilmədim. Ona görə də bu dəfə məhkəməyə gələ bilmərəm və istintaqa verdiyim ifadələrimi təsdiqləyirəm".

Günün ikinci yarısında proses 15 yaşlı yeniyetmənin ifadələri ilə davam edib. Şahid bütün suallara "bilmirəm, yadımda deyil" cavab verdiyinə görə müdafiə tərəfi onun dərk etmə və təsvir etmə qabiliyyəti olmadığından şübhələnərək şahidin dərk etmə qabiliyyətini müəyyən edilməsi ilə bağlı vəsatət verib. Vəsatət məhkəmə tərəfindən təmin edilməyib.

Daha sonra məhkəmədə Novruzov Novruz adlı şahid ifadə verib. Həmin şahid zərərçəkmiş tərəfindən məhkəməyə dəvət olunub. Lakin şahidlər siyahısında Novruz Novruzov adlı şəxsin adı yox, Cavanşir Novruzovun şahid qismində adı keçdiyinə görə vəkillər etiraz edib. Onlar bildirib ki, Cavanşir Novruzovun yerinə başqa adam ifadə verməyə gəlib və Cavanşir Novruzovun şəxsiyyətinin müəyyənləşdirməsi ilə bağlı vəsatət veriblər. Lakin hakim bunu mexaniki səhv adlandıraraq vəsatəti rədd edib.

Növbəti məhkəmə prosesi avqustun 26-a təyin olunub.

Bu il martın 22-də Tofiq Yaqublunun salonunda olduğu park edilmiş avtomobili Elxan Cəbrayılovun idarə etdiyi avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə Tofiq Yaqubluya qarşı cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq-müdafiə təşkilatları Yaqublunun həbsini qınayıb.

Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilib.

O, 2019-cu il noyabrın 19-da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə də inzibati qaydada həbs edilib.

XS
SM
MD
LG