Accessibility links

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər


Bu gün, dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifət nahiyəsində həmin qançırların olduğu görünmür.

Tofiq Yaqublu polis tərəfindən işgəncələrə məruz qaldığını iddia edir.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, aksiyanın keçirildiyi Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanılıb.

“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada bandotdeldən (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğunu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra Mitsubishi markarlı bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər,“ o qeyd edib.

Tofiq Yaqublu aksiyadan sonra
Tofiq Yaqublu aksiyadan sonra

Yaqublu dəhşətli ağrılarının olduğunu bildirib.

“Gözlərim görmür. Gərək baxmaq üçün göz qapağımı əllərimlə qaldıram. Əsasən üzümə, başıma, qollarıma, qılçlarıma, hara gəldi zərbələr endirirdilər”, o deyib.

Yaqublu başına gələnlərlə bağlı şikayət edəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaqdır,” o qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

Rüstəmli 26 gündür həbsxanada aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

XS
SM
MD
LG