Accessibility links

Tofiq Yaqublu: Mübarizə getmir. Azərbaycanda korrupsiyanın bir əldə cəmlənməsi prosesi gedir


Tofiq Yaqublu: Mübarizə getmir. Azərbaycanda korrupsiyanın bir əldə cəmlənməsi prosesi gedir
please wait

No media source currently available

0:00 0:05:28 0:00

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində son vaxtlarda açıqlanan Pandora sənədlərinin Azərbaycan cəmiyyətindəki reaksiyalarından və ölkədə korrupsiya ilə mübarizə aparılmamasının səbəblərindən danışıb.

Amerikanın Səsi: "Pandora dosyesi" araşdırması beynəlxalq miqyasda korrupsiya faktlarına diqqəti çəkdi. Araşdırmada Azərbaycan prezidentinin də adı keçir və onun ailəsinin Londonda dəbdəbəli və bahalı mülklərinin olması iddia olunur. Azərbaycanda bu araşdırmaya – cəmiyyətdə, siyası partiyalar arasında mediada reaksiyanı necə dəyərləndirərdiniz?

Tofiq Yaqublu: Azərbaycanda münasibət birmənalı olmadı. Əlbəttə ki, cəmiyyət etiraz elədi. Biz bunu gördük sosial şəbəkələrdə. Azərbaycanda media yoxdur, demək olar ki, məhv edilib. Çap mediası yoxdur. Ancaq hökümət yandaşı olan media var. Ona görə də bu faktın üzərindən sükutla keçirildi. Ancaq Milli Şura, AXCP və Müsavat partiyası bu sənədlə bağlı ciddi etirazını bildirdilər. Rəsmi olaraq Respublika prokurorluğuna, həm də Böyük Britaniyanın Milli Cinayət Agentliyinə şikayət göndərib. Respublika prokurorluğu həmin məktubu alıb, poçt xidməti təsdiq edib, artıq bizim şikayət daxil olub. Bundan əvvəl də biz rəsmi müraciət eləmişdik. Biz bunu tarix üçün elədik. Amma Böyük Britaniyanın Milli Cinayət Agentliyindən bir reaksiya olacağını düşünürük. Bilirik ki, artıq bununla bağlı Britaniyanın hüquq-mühafizə orqanları hərəkətə keçib.

Amerikanın Səsi: Ümumiyyətlə Azərbaycanda korrupsiya ilə bağlı mübarizəni necə qiymətləndirərdiniz?

Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə yoxdur.

Tofiq Yaqublu: Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə yoxdur. Çünki bu hakimiyyət korrupsiyanın başında durur. Şəxsən İlham Əliyev və onun ailəsi. Reallıqda budur ki, İlham Əliyev birbaşa Azərbaycan xalqının pullarını oğurlayıb və ofşor zonalara daşıyır. Bu haqda kifayət qədər faktlar var. Bu adam xalqdan üzr istəməyib. Mübarizə getmir. Azərbaycanda uzaqbaşı korrupsiyanın bir əldə cəmlənməsi prosesi gedir.

Amerikanın Səsi: Sizcə korrupsiya ilə təsirli mübarizə üçüm hansı addımlar atılmalıdır?

Tofiq Yaqublu: Bu sual başqa ölkədə səslənsəydi mən başqa cür cavab verə bilərdim. Məsələn tutaq ki, hansısa demokratik və yaxud yarım demokratik bir ölkədə hökümət korrupsiyaya qarşı mübarizə aparır. Ancaq effektli aparmır. Amma Azərbaycanda bu mümkün deyil. Əvvəlcə hakimiyyət dəyişməlidir. Qeyd elədim ki, korrupsiyanın başında şəxsən İlham Əliyev və onun ailəsi durur. O öz-özünə qarşı çıxmayacaq. Özünü həbs eləməyəcək.

Amerikanın Səsi: Beynəlxalq araşdırmaçı jurnalist şəbəkələri vaxtaşırı dünya miqyasında korrupsiya faktlarını aşkarlayır, siyasətçilərin, dövlət xadimlərinin bu işlərdə əllərinin olduğunu göstərirlər. Bəs beynəlxalq miqyasda korrupsiya ilə bağlı birgə səylər göstərilirmi? Bu sahədə hansı kollektiv addımlar atmaq olar?​

Dünya necə terrorizmə, nüvə silahına qarşı mübarizə aparırsa korrupsiya ilə də elə mübarizə aparaq lazımdır.

Tofiq Yaqublu: Təəssüf ki, beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə ciddi aparılmır. Bir hüquqi bazası yox, hüquqi prosedur şəklində, beynəlxalq şəbəkə şəklində mübarizə aparılmır. Çünki korrupsiya ilə insan hüquqlarının pozulması paraleldir. Ancaq o ölkədə baş verir ki, orada insan hüquqları pozulur, demokratiya yoxdur, azadlıqlar yoxdur. Görürsünüz sonuncu "Pandora sənədləri" də jurnalistlərin araşdırılması kimi təqdim edilir. Hərçənd mən düşünürəm ki, bunu hansısa orqanlar edib. Bunu açığa çıxarmaq lazımdır. Rəsmi olaraq bu problem araşdırılmalıdır. Həm beynəlxalq qurumlar tərəfindən, həm də aparıcı qərb dövlətləri tərəfindən. Bunun istintaqı getməlidir. Tələblər qoyulmalıdır. Jurnalistlərin öhdəsinə buraxılmamalıdır. Jurnalistlər araşdırmanı edirlər, yayırlar. Bir az abırı olan insanlar nəsə istefa və ya nəsə edirlər. Amma avtoritar rejimlərdə isə bu baş vermir. Onun üçün düşünürəm ki, bununla bağlı yeni hüquqi bazalar yaratmaq lazımdır. Dünya necə terrorizmə, nüvə silahına qarşı mübarizə aparırsa korrupsiya ilə də elə mübarizə aparmaq lazımdır. Korrupsiya təkcə mövcud olduğun ölkənin vətəndaşlarına qarşı yox, həm də digər ölkələr üçün də problem yaradır.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərləri Cəmil Həsənli və Əli Kərimli "Pandora dosyesi" beynəlxalq jurnalist araşdırması ilə əlaqədar Azərbaycanın baş prokuroru Kamran Əliyevə müraciət edib. Bu dosyedə açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıb. 2017-ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.

Demokratik Qüvvələrin Milli Şurası və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.

Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq "yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur".

Bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib.

Baş Prokurorluq bu müraciətlərlə bağlı hələ şərh verməyib​

Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində “Pandora sənədləri” barədə suala cavab verib.

Belə ki, jurnalistin “Pandora sənədləri” haqqında nə deyərdiniz?" sualına cavabında Azərbaycan prezidenti "bu cür məsələlər məni çox illərdir müşayiət edir” deyib. O bunun jurnalist araşdırması olmadığını hesab etdiyini bildirib.

“Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır” - deyə, Azərbaycan prezidenti bildirib.

İlham Əliyev prezident olmamışdan əvvəl sahibkar olduğunu xatırladıb.

“Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, o əlavə edib.

İham Əliyev sənədlərdə yazılanların 5 faiz həqiqət olmasını ehtimal etdiyini deyib.

“Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur,” İlham Əliyev qeyd edib.

XS
SM
MD
LG