Accessibility links

Tofiq Yaqublu: Qərb Azərbaycanda dəyərlərini daha qətiyyətlə müdafiə etməlidir


Tofiq Yaqublu: Qərb Azərbaycanda dəyərlərini daha qətiyyətlə müdafiə etməlidir
please wait

No media source currently available

0:00 0:07:29 0:00

10 dekabr dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd edilir.

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"ni qəbul edib. Baş Məclis 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-nu İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib.

Sənəddə əsasən aşağıdakı azadlıqlar ehtiva edilir:

- Hər bir ayrıseçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrıseçkilikdən azadlıq;

- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqlardan azadlıq;

- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ;

- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ;

- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq

- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq;

- İstismar olunmadan layiqli işləmək hüququ.

İctimai-siyasi xadim Tofiq Yaqublu İnsan hüquqları bəyannaməsində göstərilən azadlıqlarla bağlı Azərbaycandakı durum barədə Amerikanın Səsinə müsahibə verib.

O müxalif siyasi qurumun funksioneridir, mediada jurnalist kimi çalışıb, iki dəfə həbsdə olub, sərbəst hərəkət hüququ məhdudlaşdırılıb, ölkənin bütün instansiya məhkəmələrində ədalət axtarıb, həbsxanada uzun müddət aclıq etdikdən sonra sərbəst buraxılıb, işgəncələrə məruz qaldığını bildirib. Siyasətçinin bir neçə ailə üzvü də həbsdə olub. Yaqublu həm də işsizdir.

Amerikanın Səsi: İlk öncə birləşmək, toplaşmaq, sərbəst hərəkət etmək, fikri azad ifadə etmək və digər fundamental hüquqlar baxımından ölkədəki durumu necə qiymətləndirərdiniz?

Azərbaycanda bu sahədə vəziyyət dəhşətlidir. Yəni, azadlıqlar tamamilə məhv edilib.

Tofiq Yaqublu: Bu gün, Beynəlxalq İnsan Haqları Günüdür. Təəssüf ki, hətta bu gün də, bu sahə ilə bağlı xoş bir söz demək olmaz. Azərbaycanda bu sahədə vəziyyət dəhşətlidir. Yəni, azadlıqlar tamamilə məhv edilib. Nə sərbəst toplaşmaq azadlığı var, nə sərbəst hərəkət etmək imkanı var, nə də sərbəst söz demək imkanı var. Bəli, bu sahədə xırda-para azadlıqlar qalıb. O da əvvəlki vəziyyətdən xeyli geriləmiş şəkildə qalıb. Yəni, bu templə, bu yöndə davam etsə, yəqin ki, bir az sonra bizdə nə virtual aləmdə, nə internetdə, nə sərbəst söz demək mümkün olmayacaq, ümumiyyətlə kütləvi aksiyalardan danışmaq da yersiz görünəcək.

Amerikanın Səsi: Son günlər həbsxanada aclıq edən Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılaraq işgəncələrə məruz qaldığınızı bildirmisiniz? Aksiyada iştirakınızdan peşman deyilsiniz?

Əgər, hər belə işgəncədən, həbsdən, döyülməkdən biz qorxub geri çəkilsəydik, ümumiyyətlə hərəkat dayanardı, mübarizə olmazdı

Tofiq Yaqublu: Qətiyyən, qətiyyən. Gözləyirəm ki, növbəti aksiya nə vaxt təyin olunacaq. Həmin aksiyaya mütləq çıxmalıyam. Yəni, əgər, hər belə işgəncədən, həbsdən, döyülməkdən biz qorxub geri çəkilsəydik, ümumiyyətlə hərəkat dayanardı, mübarizə olmazdı. Ümumiyyətlə, hakimiyyətin planlaşdırdığı da, umduğu da budur. Heç bir halda peşman deyiləm və növbəti aksiyalara daha cəsarətlə gedəcəm.

Amerikanın Səsi: Artıq 35 gündür həbsxanada aclıq edən Saleh Rüstəmliyə bir sözünüz var?

Saleh Rüstəmlinin mübarizəsini alqışlayıram və iradə arzulayıram.

Tofiq Yaqublu: Saleh Rüstəmliyə möhkəm iradə arzulayıram. Mən, əslində humanizmi baxımından ona aclığı dayandır deməliyəm. Deyirəm də, amma, mən həm də özümü onun yerinə qoyuram. Adamın heç bir suçu yoxdur və 7 il 3 ay azadlıqdan məhrum etmə cəzası alıb. Hüquqi yollar tükənib. Başqa çıxış yolu görmür. Normalda insan nəyə görə özünə qəsd etməlidir? Adam cinayətkar deyil. Ona görə, mən onun mübarizəsini alqışlayıram və iradə arzulayıram.

Amerikanın Səsi: Yeri gəlmişkən, siz də aclıq edib həbsdən sərbəst buraxılmısınız.

Tofiq Yaqublu: Bəli, elə bir şey oldu. Təxminən bir il iki ay bundan qabaq. Mənə qarşı da çox böyük haqsızlıq olmuşdu, özü də neçənci dəfə idi. İndi, görünür İlham Əliyev bu presedentdən qorxur. Əgər indi də Saleh Rüstəmlini həbsdən azad etsə, şərlənərək həbsə atılmış digər insanlar da bu aksiyaya baş vura bilərlər.

Amerikanın Səsi: Siz ölkədə bütün məhkəmə instansiyaları qarşısında dayanmış insanlardan birisiniz. Gəldiyiniz ümumi nəticə necədir? Məhkəmələrin ədaləti müdafiə etdiyini deyə bilərsinizmi? Bu sahədə hansı islahatlara ehtiyac duyulur?

Absurd qərarlar, absurd hökmlər və heç bir islahat onu dəyişməyəcək.

Tofiq Yaqublu: Yox, Azərbaycanda məhkəmə sistemi ümumiyyətlə yoxdur. Yəni, pis məhkəmə ola bilər. Bizim məhkəmə Ermənistan, Gürcüstan məhkəməsi ilə müqayisədə pis görünə bilərdi. Amma, Azərbaycanda məhkəmə sistemi yoxdur. Absurd qərarlar, absurd hökmlər və heç bir islahat onu dəyişməyəcək. Yəni, qanunvericilikdə nəyi isə dəyişmək hələ o demək deyil ki, o praktikada da dəyişəcək. İndi konstitusiyamız pis-yaxşı var. Orada müddəalar var. Axı, yerinə yetirilmir. Bayaq danışdıq. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun var. Belə, aşağı-yuxarı normal bir qanundur. O işləmir. Ona görə, İlham Əliyevin də islahat aparacağını düşünmək yersiz olar. Ola bilsin ki, hansısa konyekturaya görə məcbur olub kağız üzərində nələri isə dəyişə bilər. Azərbaycanda məhkəmə sahəsində və digər sahələrdə islahat aparmaq üçün İlham Əliyev mütləq hakimiyətdən getməlidir.

Amerikanın Səsi: Siz həm də jurnalist kimi fəaliyyət göstərmisiniz. Ölkədə media öz funksiyasını yerinə yetirə bilirmi?

Azərbaycanda mediaya basqı olmasa idi, medianın rolu daha əhəmiyyətli olardı.

Tofiq Yaqublu: Media qalsa idi yerinə yetirərdi. Çünki, demək olar ki, azad medianı məhv ediblər. Onun az qalıntıları var. Onlar da sağ olsunlar, yazırlar, deyirlər, göstərirlər. Amma, o çox azdır. Əgər, Azərbaycanda mediaya basqı olmasa idi, medianın rolu daha əhəmiyyətli olardı. Çox təəssüf ki, indi əsasən internet üzərindən yayımlanan media daha populyardır, daha praktikdir. Çap mediası demək olar ki, sıradan çıxıb. Bir də yerli saytlar var. Onlar da tez-tez bağlanılır, qapadılır, açılır, yəni çətin bir şəraitdə fəaliyyət göstərirlər.

Amerikanın Səsi: ABŞ prezidenti avtoritar rejimlərin regionlarda demokratiyanın inkişafına mənfi təsirlər göstərdiyini bildirib. Sizcə, region dövlətləri olan Rusiya, İran və Azərbaycanda insan hüquqları baxımından oxşar və fərqli cəhətlər nədir? Rusiya və İranın Azərbaycanda demokratiya və insan hüquqları sahəsində pozitiv addımların qarşısının alınmasında rolu varmı? Bu iki dövlətin təsirlərinin qarşısının alınması üçün demokratik qərbin Azərbaycana köməyini qənaətedici saymaq olarmı?

Baydenin tələbi və şüarı ilə tamamilə razıyam. Nəhayət ki, Amerika bu gündə konkret addımlar atmaq istəyir.

Tofiq Yaqublu: Baydenin tələbi və şüarı ilə tamamilə razıyam. Nəhayət ki, Amerika bu gündə konkret addımlar atmaq istəyir. Yeri gəlmişkən, bu gün Vaşinqtonda qlobal demokratiya sammitinin ikinci günüdür. Əminəm ki, çox ümid edirəm ki, bundan sonra nələrsə dəyişəcək. Amma, demokratiyanın olmasında təkcə Amerikanın istəməsi yetərli deyil. Mən qərbin, başda Amerikanın olması şərti ilə Azərbaycanda və digər regionlarda demokratiyanın olması üçün əlindən gələn və imkanı çatan hər şeyi etdiyini düşünmürəm. Düzdür, müəyyən təsirlər var. Onun sayəsində də bizi divara düzüb güllələməyiblər. Yəni, birmənalı, qərbin, Amerikanın xidmətidir. Amma, daha böyük işlər görə bilərdilər. Yəqin ki, prioritet deyilik. Amma, Rusiya və İran heç bir halda Azərbaycanda demokratiyanın olmasını istəmir. Azərbaycanda avtoritarizmin, diktaturanın möhkəmlənməsi üçün əllərindən gələni edirlər. Hər ikisi qərbin, demokratiyanın, azadlıqların düşməni olan ölkələrdir. Onlar da çevrlərində avtoritar, oğru, diktatura rejimlərinin olmasında maraqlıdırlar. İkisinin də bu sahədə nə imkanı var, İlham Əliyevə kömək edir. Rusiya bu məsələdə daha ciddidir, inamlıdır. Onun funksional imkanları daha çoxdur.

Amerikanın Səsi: Bu gün dünyada Beynəlxalq İnsan Haqları Günü qeyd edilir. Beynəlxalq və yerli ictimaiyyətə bir bəyanatınız, sözünüz varmı?

Harada avtoritar, diktatura rejimləri var, qeyri-demokratik rejimlər var, hamısı qərbin düşmənləridir.

Tofiq Yaqublu: Əlbəttə, var. Bayaq dedim, mən düşünürəm ki, qərb öz dəyərlərini daha qətiyyətlə müdafiə etməlidir. Bu dəyərlərin yayılması və oturuşması üçün hər şeyi etməlidirlər, daha cəsarətli olmalıdırlar. Konkret proqramlar qəbul edilməlidir. Sanksiyalar tətbiq edilməlidir. Hesabatlar soruşulmalıdır. Onlar çox güclüdürlər. Hətta Rusiya da artıq yenilmək üzrədir. Ona görə cəsarətlənməlidirlər. Bu həm də, onların öz maraqlarına uyğundur. Harada avtoritar, diktatura rejimləri var, qeyri-demokratik rejimlər var, hamısı qərbin düşmənləridir. İnsanları da qərbə qarşı nifrət ruhunda, aqressiv ruhda böyüdürlər. Ona görə, həm də öz maraqları tələb edir ki, onlar demokratiyanın genişlənməsində maraqlı olsunlar və konkret əməli yardımlar etsinlər.

Qeyd: Azərbaycan hökuməti ölkədə fundamental insan hüquqlarının, o cümlədən toplaşmaq, birləmək, söz və mətbuat, sərbəst yerdəyişmək və başqa azadlıqların tam təmin edildiyini bildirir. Rəsmi Bakı bu sahələrdə tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG