Accessibility links

Tofiq Yaqublu saxlanılıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu Bakının Nizami rayon Polis İdarəsində saxlanılır. Ailə üzvlərinin dediyinə görə, ona qarşı cinayət işi açıblar.

Ailə üzvlərinin məlumatına görə, bu gün Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Yaqublunun avtomobilini vuran şəxs polisə şikayət edib. Bu zaman polis onu saxlayıb.

“Nizami rayon Polis Idarəsininin əməkdaşının verdiyi məlumata görə istintaq gedir. İstintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir. Polisin dediyindən belə başa düşdüm ki, maşını vuran ər-arvad Tofiq Yaqubludan şikayətçi olublar. Ata guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Ata da indicə zəng etdi. Ona qarşı cinayət işi açırlar. "Zor tətbiq etdiyinə görə". Saxta ittiham irəli sürülüb,” Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Tofiq Yaqublunun avtomobilini dayandığı yerdə vurublar.

"Tofiq bəyin həm maşınını vurublar, həm təhqir ediblər, həm də saxta üzəduranların köməyilə özünü də borclu çıxarmaq istəyirlər. Hamı bilsin. Tofiq bəy təxribata məruz qaldığını yazandan az sonra ona zəng etdim. Votsap üzərindən danışdıq. Tofiq bəy mənə bildirdi ki, maşınını vuran adamlar ona hücum edib, onu söyməyə başlayanda planlı təxribata məruz qaldığını başa düşüb. Maşının şüşələrini qaldırıb, qapılarını kilidləyib. Təxribatçılarla nəinki əlbəyaxa olmayıb, heç onların söyüşlərinə də cavab verməyib. Təxribat ssenarisi uyduranlar nəzərə alsınlar ki, Tofiq bəy qurduqları tələyə ayağını basmayıb. Onu ilişdirmək üçün nəinki səbəb, heç bəhanə də yoxdur. Hakimiyyət də özünü ciddi aparsın. Heç olmasa, xalq olaraq koronavirusla üz-üzə qaldığımız bu ağır günlərdə qisasçılıqdan, kindən, belə cılız hərəkətlərdən əl çəksin!” Kərimli Facebook səhifəsində yazıb.

Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə Tofiq Yaqublunun idarədə olduğunu təsdiq etsələr də, ona qarşı cinayət işinin açılması barədə məlumat verməyiblər.

XS
SM
MD
LG