Accessibility links

Tofiq Yaqublunun həbsi, avtomobilinin fotosu və əks reaksiyalar


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun həbsi sosial şəbəkələrdə və ictimai müzakirələrdə tənqidlə qarşılanıb. Çoxsaylı ictimai-siyasi qurumlar və tanınmış şəxslər etiraz bəyanatları ilə çıxış edib.

Tofiq Yaqublu avtomobili vurulduqdan sonra fotosunu çəkir (Foto Nigar Həzinin faceebook səhifəsindəndir )
Tofiq Yaqublu avtomobili vurulduqdan sonra fotosunu çəkir (Foto Nigar Həzinin faceebook səhifəsindəndir )

Tofiq Yaqublu barədə iddia və onun avtomobilinin fotosu

Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi Yaqublu barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Ailə üzvləri isə bildirib ki, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində Yaqublunun avtomobilinin başqa avtomobil tərəfindən vurulmuş vəziyyətdə fotosunu yayıb. Fotoda Tofiq Yaqublunun avtomobili yolun kənarında parklanmış vəziyyətdədir.

Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)
Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)

ADR Hərəkatı: Yaqublunun həbsinin motivi onun sifarişli olduğuna əsas verir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bəyanatında deyilir ki, Yaqublunun həbsinin motivi onun sifarişli olduğunu, eyni zamanda həyatının koronavirusun geniş yayıldığı hazırkı şəraitdə ciddi təhlükəyə məruz qalacağını deməyə əsas verir.

Onsuz da total saxtakarlıqla keçən son parlament seçkilərindən sonra bu hakimiyyətdən cəmiyyətin inkişafına müsbət impuls verə biləcək addımların atılması gözlənilmirdi.
ADR Hərəkatının bəyanatından sitat

ADR Hərəkatı hakimiyyəti Tofiq Yaqublu haqqında qaldırılmış qurama cinayət işinə xitam verməyə və dərhal həbsdən azad etməyə çağırır.

“Bu həbsin Novruz bayramı ilə bağlı İlham Əliyevin xalqa təbrikində müxalifətə ünvanladığı hədələrdən dərhal sonra baş verməsi təsadüf hesab edilə bilməz. Əliyevin həmin çıxışında müxalifəti hüquq-mühafizə orqanlarına hədəf göstərməsi onun ölkədə islahatlar və müxalifətlə dialoq təşəbbüslərinin əsl mahiyyətini üzrə çıxardı. Onsuz da total saxtakarlıqla keçən son parlament seçkilərindən sonra bu hakimiyyətdən cəmiyyətin inkişafına müsbət impuls verə biləcək addımların atılması gözlənilmirdi,” sənəddə qeyd edilir.

Tofiq Yaqublu (solda), Arif Hacılı və Yadigar Sadıqlı, 13 oktyabr 2019
Tofiq Yaqublu (solda), Arif Hacılı və Yadigar Sadıqlı, 13 oktyabr 2019

Müdafiə Komitəsi: Əliyev rejiminin siyasi müxalifətə qarşı fürsətçiliyi sərt qınanmalıdır

Müsavat Partiyasının qərargahında Tofiq Yaqublunun Hüquqlarını İctimai Müdafiə Komitəsi yaradılıb.

Müdafiə Komitəsinin bəyanatında deyilir ki, bu hadisənin İlham Əliyevin müxalifətin ünvanına açıq təhdidlərindən dərhal sonra baş verməsi Tofiq Yaqublunun birbaşa ölkə başçısının siyasi sifarişi ilə həbs olunduğuna şübhə yeri qoymur.

Müdafiə Komitəsi yerli və beynəlxalq ictimaiyyəti Tofiq Yaqublunun azad edilməsi üçün təsirli tədbirlər görməyə çağırır.

“Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi hakimiyyətin repressiya siyasətini qətiyyətlə pisləyir və buna son qoyulmasını tələb edir. Müdafiə Komitəsi hesab edir ki, ümumbəşəri təhlükə fonunda Əliyev rejiminin siyasi müxalifətə qarşı bu fürsətçiliyi ictimaiyyət, o cümlədən ziyalılar tərəfindən sərt qınanmalıdır. Müdafiə Komitəsi yerli və beynəlxalq ictimaiyyəti Tofiq Yaqublunun azad edilməsi üçün təsirli tədbirlər görməyə çağırır,” sənəddə qeyd edilir.

Haqq Ədalət Partiyasının emblemi
Haqq Ədalət Partiyasının emblemi

Haqq Ədalət Partiyası: Tofiq Yaqublunun həbsi rejimə qarşı çıxanların təqibinin başlanğıcıdır

Keçmiş səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası Tofiq Yaqublunun həbsini, təkcə onun deyil, bütövlükdə avtoritar rejimə qarşı mübarizənin önündə gedən bütün insanların təqib və repressiyalarının başlanğıcı kimi dəyərləndirir.

“Hər kəsi Tofiq Yaqublunun hüquqlarının pozulmasına qarşı çıxmağa, Azərbaycanı idarə edən rejimdən isə Tofiq Yaqublunu dərhal azadlığa buraxılmasını tələb edirik. İlham Əliyevin müxalif düşərgəyə qarşı hədə-qorxu ritorikasından ibarət bayram təbrikindən sonra rejimin güc strukturlarının bu qanuna zidd hərəkəti gözlənilən idi,” partiyanın bəyanatında deyilir.

Rüstəm Behrudi
Rüstəm Behrudi

Rüstəm Behrudi: Ölkədə fəlakətin at oynatdığı bir vaxtda bu hadisələr çox ayıb bir şeydir!

Tanınmış şair Rüstəm Behrudi Tofiq Yaqublunun həbs olunmasına “çox ayıb” deyə münasibət bildirib.

Artıq dünyada qaçmağa yer varmı ki, Tofiq bəy qaçsın! Yenə də deyirəm, bu çox ayıb bir hərəkətdir!
Rüstəm Behrudi, şair

“Mən Tofiq bəyi tanıdığımdan, onun hansı əxlaqa malik olduğunu bilirəm! Ölkəni bürümüş fəlakətin at oynatdığı bir vaxtda bu cür hadisələr çox ayıb bir şeydir! Həbs qətimkan tədbirinin seçilməsi də çox gülməlidi! Artıq dünyada qaçmağa yer varmı ki, Tofiq bəy qaçsın! Yenə də deyirəm, bu çox ayıb bir hərəkətdir! Tezliklə buraxılacağına ümid edirəm!" Behrudi qeyd edib.

Tofiq Yaqublu və Mehman Hüseynov (Foto Mehman Hüseynovun səhifəsaindədir)
Tofiq Yaqublu və Mehman Hüseynov (Foto Mehman Hüseynovun səhifəsaindədir)

Mehman Hüseynov: Azərbaycan hökuməti vicdanlı, şərəfli, əqidəli, cəsarətli vətəndaşları hədəf alır

Bloger Mehman Hüseynov yazır ki, Azərbaycan hökuməti hər dəfə belə vicdanlı, şərəfli, əqidəli, cəsarətli vətəndaşları hədəf alır.

“Tofiq Yaqublu sözün düzünü dediyinə görə, haqqını tələb elədiyinə görə, məmur özbaşnalığına susmadığına görə dəfələrlə həbsdə olub, döyülüb işgəncələrə məruz qalıb, amma heç vaxt öz yolundan dönməyib! Susmayıb! Biz belə mərd oğulları qorumalıyıq.

Bunlar hələ başa düşməyiblər ki, həbs çıxış yolu deyil,” Hüseynov Facebook səhifəsində yazıb.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: Problemlərin həlli yolu Tofiq Yaqublunun və müxaliflərin həbsi deyil

İctimai fəal Bəxtiyar Hacıyev yazıb ki, Tofiq Yaqublunun belə bir dövrdə, insanların izolyasiya olunduğu vaxtda şərlənərək həbs olunması sözlə ifadə edilməyəcək qədər biabırçı bir addımdır.

“Bu, Azərbaycanı idarə edənlərin öz vətəndaşlarına nə qədər düşməncə yanaşdığını göstərir. Eyni zamanda hakimiyyətin nə qədər panikada olmasını göstərir. Panikada olmaq üçün isə əsas var. Parlament seçkilərinin narazılığı insanların ürəyindən çıxmamış həm koronavirus təhlükəsi, həm dünya bazarında neft qiymətlərinin düşməsi ard-arda bir çox sosial narazılıq yaratmağa başlayacaq. İqtisadiyyatda isə zəncirvari mənfi təsirlər getdikcə artacaq, dövlət ya hamını razı sala bilmək üçün kisənin ağzını açmalı olacaq, ya da sosial narazılığa qarşı polislə mübarizə aparmaq yolunu seçəcək.

Bu Azərbaycanı idarə edənlərin öz vətəndaşlarına nə qədər düşməncə yanaşdığını göstərir. Eyni zamanda hakimiyyətin nə qədər panikada olmasını göstərir.
Bəxtiyar Hacıyev, ictimai fəal

- İş yerləri bağlananların kredit borcları yığılacaq;

- Gündəlik işlərdə işləyənlərin gəlirləri aradan qalxacaq;

- İş mərkəzlərində icarə verə bilməyənlər artacaq;

- Kirayə qalan gənclər kirayə pullarını ödəyə bilməyəcəklər;

- Zəncirvari hadisələrin nəticəsində iqtisadi fəallıq əhəmiyyətli dərəcədə aşağıya düşəcək. Dövlət stimullaşdırıcı paketlər təqdim etməli olacaq, müxtəlif qruplara kompensasiya ödəməli olacaq.

Bütün bunlardan əlavə, iqtisadiyyatımızın neftdən ağır şəkildə asılı olması, neft qiymətlərinin sürətlə aşağı düşməsi və milli valyutanın potensial devalvasiya riskləri də siyasi, iqtisadi, sosial etirazlara səbəb ola bilər.”

Hacıyev hesab edir ki, problemlərin həlli yolu Tofiq Yaqublunun və digər müxaliflərin həbsi deyil.

“Xalq iqtisadi böhran görəndə Tofiq Yaqublu azadlıqda da olsa, həbsdə də olsa, etirazını edəcək. Günahsız insanların şərlənərək həbs olunması isə bu etiraz dalğasına sadəcə və sadəcə təkan verəcək,” o, Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG