Accessibility links

Tofiq Yaqubluya dəstək məqsədi ilə keçirilən aclıq aksiyası davam etdirilir


Müxalif siyasi xadim Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası 15-ci gündür davam etdirilir.

Sentyabrın 13-də aksiyaya hüquq müdafiəçisi Zəfər Əhmədov da qoşulub.

Əhmədov Amerikanın Səsinə bildirib ki, sentyabrın 14-də Müsavat Partiyasının fəalı Elman Quliyev səhhətində yaranan ciddi problemlər səbəbindən aclılğı dayandırıb.

“Hazırda aclıq aksiyasını mən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Elnur Həsənov və Ayət İsmayıl davam etdirir. Elnur Həsənovun səhhəti dünəndən pisləşib, təzyiqi qəfildən yüksəlib. Dünən təcili tibbi yardım həkimləri ona aksiyanı dayandırmağı tövsiyə etsələr də, bundan imtina edib,” Əhmədov qeyd edib.

Aclıq aksiyası
Aclıq aksiyası

Elnur Həsənov və Ayət İsmayıl aksiyaya sentyabrın 3-dən başlayıb. Sentyabrın 2-də aclığa başlayan AXCP fəalı Tofiq Məmmədov sentyabrın 12-də səhhətlərinin pisləşməsi üzündən aclığı dayandırıb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.

Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Almaniyanın Nürnberq, Türkiyənin İstanbul, Kanadanın Toronto, Fransanın Strasburq şəhərində aksiyalar keçirilib.

XS
SM
MD
LG