Accessibility links

Satirik Tofiq Həsənlinin apellyasiya şikayətinə baxış yekunlaşıb


Tofiq Həsənli (Foto Tofiq Həsənlinin Facebook səhifəsindən götürülüb)
Tofiq Həsənli (Foto Tofiq Həsənlinin Facebook səhifəsindən götürülüb)

Dekabrın 19-da Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə böyük miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş satirik şair Tofiq Həsənlinin şikayətinə baxış davam edib.

Satirikin vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, iclasda müdafiə tərəfinin vəsatəti ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə idarəsinin əməliyyatçısı Fəxri Qasımov dindirilib.

Sadıqovun sözlərinə görə, bu polis əməkdaşı Həsənlinin saxlanılması üzrə əməliyyata rəhbərlik edib, hansı ki, əməliyyat-axtarış tədbirinin rəhbəri olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin öz əməkdaşı Elman Tərlanov təyin edilib.

Vəkil qeyd edib ki, Qasımov bunu "rütbəcə ondan böyük olan şəxsə" əziyyət verməmək üçün bu işi öz üzərinə götürmək qərarına gəlməsi ilə izah edib.

Qasımov həmçinin hal şahidləri Qasım Fərzullayevdən və Balaxan Hüseynovdan başqa cinayət işlərində də şahid kimi istifadə etdiyini inkar etməyib. Yəni əməliyyatçı faktiki olaraq təsdiq edib ki, hal şahidləri polisin bu qisimdə tez-tez istifadə etdikləri insanlar idi.

Müdafiə tərəfi digər əməliyyatçıların da çağırılması haqqında vəsatət qaldırıb. Amma, hakim vəsatəti təmin etməyib və şikayətə mahiyyəti üzrə baxılmasının yekunlaşdığını elan edib.

Tərəflərin yekun çıxışları və hökmün elan edilməsi dekabrın 22-nə təyin olunub.

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həsənli hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi şerləri ilə tanınır.

2005-ci ildə o, artıq narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb. Həsənli Facebook və Youtube-da satiraları dərc etməyə davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə həbs edilib.

XS
SM
MD
LG