İyulun 23-də start götürən Tokio Olimpiadasında Azərbaycan idmanın 13 növü üzrə 44 atletlə təmsil olunur.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu ölkənin milli komandası yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandası həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandanın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”-da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komanda 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Bir sıra ekspertlər Azərbaycanın milli komandasının yeni baxışla formalaşdırılmasını və bu sahədəki iddia edilən korrupsiya hallarının aradan qaldlırılmasını vacib sayır.
REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirir ki, ölkənin 10 idmançısı yarışlara başlayıb, onlardan 8-i uduzaraq yarışlardan kənar qalıb.
Son 30 ildə idman ancaq korrupsiya pulu ilə ayaqda qalıb, nazir-məmurlar milli idman federasiyalarının rəhbərləri olub, onlar da büdcədən oğurladıqları, korrupsiya yolu ilə əldə etdikləri ilə idmanı ayaqda saxlayıblar. İndi korrupsioner iri nazirlərin, məmurların, idman "şeflərinin" bir çoxu işdən çıxarılıb, idman yiyəsiz, pulsuz qalıb.Natiq Cəfərli, REAL Partiyasının funksioneri
“44 idmançıdan yarıya yaxını "legionerlərdir", milliləşdirib Olimpiadaya aparıblar, çünki ölkədə uşaq idmanı bərbad vəziyyətdədir, məktəblər dağıdılıb, məşqçilər, mütəxəssislər çatışmır, bilirsiz niyə?! Çünki son 30 ildə idman ancaq korrupsiya pulu ilə ayaqda qalıb, nazir-məmurlar milli idman federasiyalarının rəhbərləri olub, onlar da büdcədən oğurladıqları, korrupsiya yolu ilə əldə etdikləri ilə idmanı ayaqda saxlayıblar. İndi korrupsioner iri nazirlərin, məmurların, idman "şeflərinin" bir çoxu işdən çıxarılıb, idman yiyəsiz, pulsuz qalıb. Olimpiadaya cavabdeh olanlar isə məktəb yaratmağa, ənənə qurmağa pul xərcləmək istəmirlər, ona görə də "5-10 minə" xarici idmançı alıb milliləşdirib oyunlara göndərirlər. O legionarlərin isə nə bayrağa hörməti var, nə vətənə məhəbbəti, ona görə də, üzgüçümüz üzmür, velosipedçimiz bir az sürüb, sonra düşüb piyada gəzir, boksçumuz isə ilk görüşdəcə yerə ağ dəsmal atır.”
Cəfərli hesab edir ki, korrupsiya pullarını idmandan çəksələr futbol çempionatında 2 komanda qalar.
“Ölkəmiz hər hansı bir idman növündə milli komanda qurub Olimpiada bir qırağa, heç MDB ölkələri üzrə yarışlara gedə bilməz,” o qeyd edib.
Öz növbəsində, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Tokio-2020” Yay Olimpiya Oyunları barədə danışarkən deyib ki, bu olimpiada Azərbaycan üçün uğurlu olacaq.
“Yarışlar çətin olacaq. Hər gün nə isə baş verə bilər. Olimpiya kəndində hər gün kifayət qədər insan koronavirusa yoluxur. İdmançılar yarışlardan kənarlaşdırılır. Ona görə də proqnoz vermək mümkün deyil. Ancaq ümidlə yaşayırıq ki, idmançılarımızın nəticələri yaxşı olsun. İnanırıq ki, bu dəfəki Olimpiada da bizim üçün uğurlu alınacaq,” o qeyd edib.