Bazar günü Tokioda qatarda bir kişi əlindəki bıçaqla bir neçə sərnişinə xəsarət yetirib, daha sonra isə yanğın çıxarıb. Polis və şahidlərin dediyinə görə, nəticədə insanlar qaçmağa başlayıb, bəziləri hətta pəncələrdən atlanıb.
Tokio Yanğınsöndürmə İdarəsi bildirib ki, 17 sərnişin yaralanıb, onların üçünün vəziyyəti ciddidir.
20 yaşlarında olduğu bildirilən şübhəli şəxs hadisə yerində həbs edilib və onunla bağlı adam öldürməyə cəhd etmək ittihamı ilə istintaq başladılıb.
NHK bildirib ki, hücumun səbəbi hələ ki, bəlli deyil.
NHK-in bildirdiyinə görə, şahidlər polisə bildirib ki, hücumu edən şəxs Hallovin kostyumuna bənzər paltar - yaşıl köynək, mavi kostyum və bənövşəyi palto geyinib.
Tokio polisinin rəsmiləri deyib ki, hücum Kokuryo stansiyası yaxınlığında Keio qatarında baş verib.
Televiziyada yayımlanan görüntülərdə yanğınsöndürənlər, polis rəsmiləri və paramediklərin sərnişinləri xilas etdikləri göstərilir. Onların çoxu qatarın pəncələrindən qaçıb. Bir videoda sərnişinlərin alovların çıxdığı qatardan qaçdıqları göstərilir.
NHK bildirib ki, şübhəli şəxs sərnişinləri bıçaqlayandan sonra benzinə bənzər maye töküb və yanğın başladıb. Nəticədə qatardakı oturacaqların bəziləri yanıb.
Videonu çəkən Şunsuke Kimura NHK-yə bildirib ki, o, sərnişinlərin çarəsiz çəkildə qaçdlqlarını görüb və o, nəyin baş verdiyini anlamağa çalışarkən, partlayış səsi duyduğunu və tüstünün çıxdığını görüb. O da pəncərədən atlanıb amma platformaya düşüb və çiynini əzib.
“Qatarın qapıları bağlı idi və biz nə baş verdiyini bilmirdik, biz pəncərələrdən tullandıq,” Kimura deyib. “Dəhşətli idi.”
Bu, son iki ayda Tokio qatarlarında baş verən ikinci bıçaq hücumudur.
Avqustda Tokio Olimpiyadası başa çatmadan bir gün öncə 36 yaşlı bir kişi Tokioda bir qatarda 10 sərnişini bıçaqlayıb. Şübhəli şəxs daha sonra polisə ifadəsində xoşbəxt görünən qadınlara hücum etmək istədiyini deyib.