Accessibility links

Tolqa Tanış: Ərdoğanın Xaşuqci məsələsində motivləri mətbuat və ifadə azadlığı ilə bağlı deyil


Tolqa Tanış: Ərdoğanın Xaşuqci məsələsində motivləri mətbuat və ifadə azadlığı ilə bağlı deyil
please wait

No media source currently available

0:00 0:17:10 0:00

Bu həftə Türkiyə prokuroru bildirib ki, səudiyyəli dissident Camal Xaşuqci Ər-Riyadın İstanbuldakı konsulluğuna daxil olan kimi boğularaq öldürülüb və onun cəsədi hissələrə parçalanıb. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanından jurnalistin qətli ilə bağlı tam izahat və məsuliyyət tələb edir. Türkiyə Xaşuqcinin qətli ilə əlaqədar həbs edilmiş 18 nəfərin ekstradisiyası ilə bağlı Səudiyyə Ərəbistanına təzyiq göstərir. Ekspertlər jurnalistin qətlinin beynəlxalq miqyasda yaratdığı rezonansı qeyd edərək, bunun Türkiyə-ABŞ və Türkiyə-Səudiyyə münasibətlərinə mümkün təsirlərini şərh edir. Jurnalist və təhlilçi Tolqa Tanış Amerikanın Səsinə müsahibəsində Xaşuqcinin qətlinin pərdəarxası məqamları, Türkiyə-Səudiyyə Ərəbistanı və Türkiyə-ABŞ münasibətlərinin durumunu şərh edib.

İslam dünyasında nüfuz uğrunda mübarizə

Tolqa Tanışın sözlərinə görə, səudiyyəli dissident jurnalist Camal Xaşuqcinin Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğunda qətlinin pərdəarxası əsas məqamlarından biri iki ölkənin bölgədə hegemonluq uğrunda mübarizəsi ilə bağlıdır.

Xaşuqci cinayəti bu iki blok arasında bu fərqlərin ortaya çıxmasında bir faktor kimi dayanır.

“Hadisədən sonra Səudiyyə Ərəbistanı və Türkiyə arasında gərginliyin səbəblərini araşdırdıqda məsələnin əslində bölgədəki siyasi landşaft, bölgədəki ölkələrin siyasi kursunun effektiv şəkildə həyata keçirilməsi səyləri, xüsusilə də `sünni dünyasında`, yəni Səudiyyə Ərəbistanı və Türkiyənin daxil olduğu blokda bölgənin siyasi konturlarının cızılması və bölgədə hansı siyasi düşüncənin hakim olacağı məsələsi ilə bağlı olduğunu görmək mümkündür. Türkiyənin xüsusilə də Suriyada 2011-ci ildə böhranın başladığı vaxtdan təmas yaratdığı qruplarla əlaqələri, ya da Misirdə 2013-cü ildə dövlət çevrilişindən sonra “Müsəlman Qardaşları” ilə bağlı götürdüyü kurs, bölgənin bir çox ölkəsi, Yəmən və Misir kimi ölkələrlə bağlı yürütdüyü xarici siyasət və Səudiyyə Ərəbistanının başçılığı ilə Misir və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu koalisiyaya qarşı götürdüyü kurs bu iki güc arasında mübarizəyə işarə edir. Xaşuqci cinayəti bu iki blok arasında bu fərqlərin ortaya çıxmasında bir faktor kimi dayanır.”

Xaşuqcinin Türkiyə ilə bağlı baxışları

Tolqa Tanış jurnalist Camal Xaşuqcinin Türkiyə ilə bağli fikirlərini şərh edib.

“Economist” jurnalı o zaman yaşanan etiraz nümayişləri ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanın sultan kimi təsvir edildiyi fotosunu üz qabığına çıxarmışdı. O, üz qabığını paylaşaraq, Ərdoğanı lağa qoymuşdu.

“Xaşuqcinin Türkiyə ilə bağlı fərqli yanaşmalar ifadə etdiyini müşahidə edirik. Məsələn, 2013-cü ildə Türkiyədə yaşanan kütləvi iğtişaşlar zamanı, may ayının sonunda və iyun ayında davam edən Gezi etirazlarını, Türkiyənin hər yerində insanların küçələrə çıxaraq, hökumətə qarşı keçirdiyi etiraz nümayişlərini xatırlayırsınızsa, Xaşuqcinin o zaman Gezi etirazçılarına simpatiyaya ilə yanaşdığını görmək mümkün idi. Məsələn, İnstagram mesajlarında. “Economist” jurnalı o zaman yaşanan etiraz nümayişləri ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanın sultan kimi təsvir edildiyi fotosunu üz qabığına çıxarmışdı. O, üz qabığını paylaşaraq, Ərdoğanı lağa qoymuşdu. Bir sıra mesajlarla qarşılaşırsınız. Amma bir müddət keçdikdən sonra Yaxın Şərqdə baş verən hadisələrin inkişafı ilə, 2013-cü ildə “Müsəlman Qardaşları”nın dövlət çevrilişi nəticəsində hakimiyyətdən devrilməsi, 2015-ci ildə Abdullanın ölümündən sonra Səudiyyə Ərəbistanında Salmanın taxta çıxaraq kral olması, sonra onun oğlunun əvvəlcə müdafiə naziri, müdafiə naziri olduğu müddətdə Yəməndə müharibənin başlaması, 2017-ci ilin iyun ayında isə daha mühüm bir inkişaf olaraq onun vəliəhd şahzadə olmasından sonra bölgədə daha kəskin qütbləşmə bəlkə də Xaşuqcini üstünlüyü kimə verdiyini bildirməyə məcbur etdi. Və Xaşuqcinin əvvəllər anti-demokratik təcrübəyə görə kritik vəziyyətdə olan Ərdoğana daha yaxın bir mövqeyə keçdiyini görürük. Bu qütbləşmə, geo-siyasi bu iki düşərgə arasında mübarizənin nəticəsi olaraq, Xaşuqci və Səudiyyə Ərəbistanında müəyyən çevrələrə yaxın bir sıra insan seçim edərək, özünə bir yeni mövqe tapır. Xaşuqcinin da bu yanaşmada Ərdoğana yaxın mövqe tutmağa başladığını və Ərdoğanla daha yaxın əlaqələr qurduğunu və siyasi baxımdan yaxın baxışlara malik olduqları üçün bir ittifaq kimi bəzi məsələlərdə eyni fikrə malik olduqlarını görürük. Xaşuqcinin 2013-cü illə 2017-ci illər arasında Türkiyə ilə bağlı baxışlarının ciddi şəkildə dəyişdiyini söyləyə bilərik.”

Ərdoğanın motivləri

Tolqa Tanış bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə münasibətdə sərt mövqe numayiş etdirməsi, xüsusilə də mətbuata məlumatların sızdırılması ilə məsələni gündəmə çıxararaq, iki ölkə arasında münasibətlərdə gərginliyin yaranmasına yol verməsinin əsas səbəbi Xaşuqcinin jurnalist olması ilə əlaqədar deyil.

Türkiyədəki mövcud durum nəzərə alınsa, Ərdoğanın motivinin, bu işlə bağlı göstərdiyi diqqətin əsl səbəbinin mətbuat və ifadə azadlığı olmadığı asanlıqla söylənə bilər.

“Birincisi, Türkiyənin bu geo-siyasi bölgədə Səudiyyə Ərəbistanına qarşı durduğu mövqe nəticəsində yaranmış təsir, ikincisi, təbii ki, 2016-cı ildən Camal Xaşuqci ilə bir sıra məsələlərdə eyni dünya görüşünü müdafiə etdikləri üçün yaranmış şəxsi əlaqələr burada daha böyük rol oynadı. Əgər Ərdoğan onun jurnalist olduğu üçün belə bir şəkildə yanaşsa idi, bu gün Türkiyədə jurnalistlərin qarşılaşdığı çətinlikləri, həbsdə olan və bəziləri haqda ittihamnamənin belə olmadığı jurnalistlərlə bağlı durumu, yaxud vətəndaş cəmiyyəti nümayəndələrini ifadə azadlığı baxımından jurnalistlərlə birlikdə qeyd edə bilərik. O zaman asanlıqla deyə bilərik ki, məsələ ilə bağlı bu yanaşma bunlarla bir araya sığmır. Türkiyədəki mövcud durum nəzərə alınsa, Ərdoğanın motivinin, bu işlə bağlı göstərdiyi diqqətin əsl səbəbinin mətbuat və ifadə azadlığı olmadığı asanlıqla söylənə bilər.”​

Türkiyə-Amerika münasibətləri

Tolqa Tanış hazırda Türkiyə və Amerika Birləşmiş Ştatlar arasında münasibətlərin durumunu şərh edib.

Hələ də iki ölkə arasında əsas məsələlərlə bağlı fundamental fərqlər var. Xüsusilə də Suriya məsələsində.

“Biz tarixdə bəlkə də ilk dəfədir ki, iki lider arasında münasibətlərin iki ölkə arasında əlaqələri müəyyənləşdirdiyi bir dövrün şahidi oluruq...Branson böhranı davam etdiyi zaman, yay aylarında gərginliklər davam edərkən belə mənim bu məsələ ilə bağlı fikrim dəyişmədi. Bundan sonra bu inkişafların- Bransonun sərbəst buraxılması, Xaşuqcinin işi bağlı regional inkişafların iki ölkəyə hansı şəkildə təsir göstərəcəyini qeyd etsək, yenə də fərqlərin nəzərə alınmalı olduğunu düşünürəm. Hələ də iki ölkə arasında əsas məsələlərlə bağlı fundamental fərqlər var. Xüsusilə də Suriya məsələsində.”

Tolqa Tanışın sözlərinə görə, Suriyada Manbicdə ABŞ hərbi qüvvələrinin yerli kürd döyüşçüləri ilə əməkdaşlığı kimi iki ölkə arasında çətin həll oluna bilən məsələlər mövcuddur. Lakin o bildirib ki, iki ölkə lideri "təməl problemlərin həlli istiqamətində bəzən addımlar ata bilər".

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG