Accessibility links

Tomas Qolts: Seçkilər Ərdoğanın hakimiyyətini möhkəmlətdi


Türkiyədə parlament seçkiləri hakim Ədalət və İnkişaf Partiyasının qələbəsi ilə başa çatıb. Müşahidəçilər Türkiyənin özündə və regionda ciddi siyasi proseslərin baş verdiyi bir vaxt keçirilən seçkilərin nəticələrini müzakirə etməyə davam edir. Türkiyə və bölgə üzrə ekspert, Montana universitetinin professoru, jurnalist və yazar Tomas Qolts noyabrın 1-i partlament seçkiləri günü Türkiyədə olub və seçki haqda təssüratları ilə Politico veb saytı üçün yazdığı məqalədə bölüşüb. Professor Qolts Türkiyə seçkilərinin nəticələri ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.

Tomas Qolts seçki günü İstanbul yaxınlığında yerləşən Sarıqazi qəsəbəsini təsvir edib. “Bura İstanbula gələn turistlərin ziyarət etdiyi yerlərdən çox fərqlidir. Adətən şəhərə səfər edən insanlar Sultan Əhməd, Aya Sofya kimi populyar yerlərə gedir. Sarıqazi isə tam fərqli bir yerdir. Amma bura sosial tərkib baxımından çox fərqli bir yerdir. Bura orta sinfə mənsub türklər, kürdlər, solçular və əsas etibarilə dindar olmayan insanların yaşadığı yerdir. Burada səsvermənin dinamikasını izləmək maraqlı idi. Sonra evə qayıdıb fikirlərimlə sosial mediada dostlarımla bölüşdüm. Amma tamamilə gözlənilmədən Politico veb saytından Türkiyə seçkiləri barədə məqalə yazmaq üçün müraciət aldım. Əvvəl fikirləşdim ki, burada rəsmi müşahidəçi kimi gələn yüzlərlə insan, beynəlxalq jurnalistlər var və mən əlavə nə söyləyə biləcəm. Buna görə də öz şəxsi fikirlərimlə bölüşmək qərarını verdim. Əsas məqamlar da ondan ibarət idi ki, seçkilər şəffaf keçib və nəticələr həm Türkiyənin özü, həm də beynəlxalq ictimaiyyət üçün mühümdür.”

"Davudoğlu hökumət başçısı olsa da, hamı bilir ki, Türkiyədə hakimiyyət Ərdoğanın əlindədir."-Tomas Qolts

Tomas Qolts məqaləsində yazıb ki, sosial və etnik baxımdan fərqli tərkibə malik olması və solçu baxışları ilə tanınmasına görə bir neçə il bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin nəzarət etdiyi İstanbul Böyük Şəhər Bələdiyyəsi Sarıqazinin statusunu “dairə”dən “bələdiyyə” səviyyəsinə endirib. Bu isə şəhərin bu hissəsinin “unudulmuş bir yerə çevrilməsi” ilə nəticələnib. Seçkilərin nəticələrini şərh edən Tomas Qolts Ədalət və İnkişaf Partiyasının qələbəsinin prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin güclənməsinə yol açdığını yazıb.

Tomas Qoltsun Politico veb səhifəsindəki yazısı “Ərdoğanıstana xoş gəlmişsiniz” adlanır. “Bu başlığı mən seçməmişəm, amma onunla tam razıyam. Bu o deməkdir ki, Rəcəb Tayyib Ərdoğan ölkənin sahibidir. İyun ayında keçirilmiş seçkilər Ərdoğan üçün yaxşı nəticələnmədi. Rəsmən partiyada olmasa da, onun Ədalət və İnkişaf Partiyası istədiyi nəticələr ala bilmədi. Seçkidən sonrakı dövrdə Türkiyədə mürəkkəb siyasi durum müşahidə edildi. Noyabrın 1-i seçkiləri onun partiyasının qələbəsi ilə nəticələndi və indi Türkiyədə tək partiya hakimiyyətə sahib olur. Davudoğlu hökumət başçısı olsa da, hamı bilir ki, Türkiyədə hakimiyyət Ərdoğanın əlindədir. Milliyyətçi Hərəkat Partiyası seçkilərdə çox aşağı nəticələr göstərdi. Klassik kemalist Cumhuriyyət Xalq Partiyası sabitliyi saxlaya bilib, amma seçkidə səslərin cəmi 25 faizini ala bilib. Ən maraqlısı isə Xalqların Demokratik Partiyasıdır. Bunu kürdlərin partiyası adlandırırlar, amma bu, sistemdən razı olmayan etnik və cinsi azlıqları təmsil edən bütün insanları birləşdirən bir partiyadır. Onlar da səslərin 10 faizini alaraq parlamentdə özlərinə yer təmin etmiş oldular. Bu, ilk dəfə baş verirdi və bunu maraqlı bir inkişaf kimi qiymətləndirirəm. Mənim fikrimcə, belə nəticə olmasa idi Türkiyədə qarışıqlıq yarana bilərdi. Bu seçkiləri olduqca maraqlı seçkilər hesab edirəm.”

"Bəlkə bir gün olacaq Azərbaycan təkcə nefti ilə deyil, dünyada narı ilə də tanınacaq.” -Tomas Qolts

Tomas Qoltz Azərbaycanda da noyabrın 1-i parlament seçkilərinin keçirildiyini qeyd edərək, son zamanlar ölkədə dəyişikliklərlə bağlı fikirlərini bildirib: “Böyük dəyişikliklər görürəm. Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət tərəfdə çox sayda dostlarım var. Azərbaycana tez-tez gəlirəm. Azərbaycan iqtisadiyyatında neft olduqca böyük əhəmiyyət daşıyır. Neftin qiyməti, qazın qiyməti böyük ölkənin siyasi-iqtisadi həyatında böyük rol oynayır. Neft qiymətlərinin aşağı düşməsinin belə düşünürəm Azərbaycan üçün bəlkə də müsbət tərəfi var. Neftin qiyməti düşür, demək, Azərbaycanda başqa sənaye sahələri, kənd təsərrüfatı ilə məşğul olmaq lazımdır. Kənd təsərrüfatı, intetnet texnologiyaları sahələri inkişaf etdirilməlidir. Mənə elə gəlir ki, o proses bir qədər başlayıb. Bu deməkdir ki, Azərbaycanın iqtisadyyatı sadəcə neftə və qaza bağlı deyil və başqa sahələr də inkişaf etdirilir. Bu, müsbət inkişafdır və bəlkə bir gün olacaq Azərbaycan təkcə nefti ilə deyil, dünyada narı ilə də tanınacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG