Accessibility links

HƏMAS-ın yüksək səviyyəli rəsmisi İsrailin Beyrut yaxınlığında dron hücumu zamanı öldürülüb


HƏMAS və Livanda Hizbullah rəsmiləri çərşənbə axşamı Beyrutda baş verən partlayış nəticəsində Fələstinin HƏMAS silahlı qruplaşmasının yüksək səviyyəli rəsmisi Saleh Aruri və daha üç nəfərin öldüyünü bildiriblər.

Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi İsrailin pilotsuz uçuş aparatı tərəfindən həyata keçirilən hücum zamanı 4 nəfərin öldüyünü bildirib.

Aruri HƏMAS-ın siyasi bürosunun yüksək səviyyəli rəsmisi idi. O, oktyabrın 7-də İsrail daxilində ölümcül hücumu həyata keçirən HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının yaradıcılarından biri idi. ABŞ keçən il onun haqqında məlumat üçün 5 milyon dollar təklif etmişdi.

İsrail rəsmiləri bununla bağlı şərh verməkdən imtina edib. Lakin belə bir hücum İsrailin Qəzza zolağında HƏMAS ilə müharibənin üç ayının tamam olması yaxınlaşdığı vaxt HƏMAS-ın əsas liderlərini öldürmək kimi niyyətinə uyğun olardı.

Əgər hücumun arxasında İsrail dayanırsa, bu, Yaxın Şərq münaqişəsində ciddi eskalasiyaya səbəb ola bilər. Hizbullah lideri Seyid Həsən Nəsrullah İsrailin Livanda Fələstin rəsmilərini hədəf alan hər hansı hücumlarına cavab verəcəyini vəd edib.

HƏMAS rəsmisi Bassim Naim Associated Press agentliyinə Arurinin partlayış zamanı öldüyünü təsdiqləyib. Qaydalara uyğun olaraq, adının açıqlanmasını istəməyən Hizbullah rəsmisi də Arurinin öldürüldüyünü bildirib.

HƏMAS-ın hərbi qanadlarından birinin təsisçisi olan Aruri qrupun İordan çayının qərb sahilində qoluna rəhbərlik edirdi. İsrailin baş naziri Benyamin Netanyahu hələ oktyabrın 7-də HƏMAS-İsrail müharibəsi başlamamışdan əvvəl onu öldürməklə hədələmişdi.

Forum

XS
SM
MD
LG