ABŞ-ın cənub və orta qərb ştatlarında baş verən amansız tornadolar azı 11 nəfərin ölümünə səbəb olub, evlər və alış-veriş mərkəzlərini dağıdıb, İllinoyda ağır metal konserti zamanı bir teatrın damı çöküb.
Bölgə boyu xilasedicilər şənbə günü tornadolardan sonra tələfatları hesablayıb və dəyən zərəri yoxlayıb.
Kross mahalının ədliyyət tibbi eksperti Eli Lonq KAIT-TV-yə bildirib ki, ölənlər arasında Arkanzas ştatında kiçik Vin şəhərinin dörd sakini var. Bundan əlavə Alabama, İllinoy, İndiana və Little Rok ərazisində də tələfatlar qeydə alınıb.
Vin şəhər şurasının üzvü Lisa Pauel Karter deyib ki, Tenneessi ştatının Memfis şəhərindən təxminən 80 kilometr uzaqda yerləşən bu şəhərdə elektrik kəsilib, yollar dağıntılarla örtülüb.
“Mən panika içində evə getməyə çalışıram, amma gedə bilmirik,” o, cümə günü axşam deyib. “Vin dağılıb. Evlər dağılıb, ağaclar küçələrə yıxılıb.”
Qasırğa həmçinin İndiana ştatının Sallivan Mahalında üç nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Halların İdarəsi üzrə direktor Cim Pirtl email vasitəsilə məlumat verib. Sallivanın bəzi hissələrində, İllinoyla sərhədə yaxın, İndianapolisdaən təxminən 150 kilometr cənub-qərbdə bəzi sakinlər itkin düşüb.
Rəsmilərin məlumatına görə, Littli Rok ərazisində azı bir nəfər ölüb, 20-dən çox insan yaralanıb. Onların bəzilərinin vəziyyəti kritikdir.
İllinoyda Belvidere şəhərində tornado zamanı Apollo Teatrının damı çökərək, bir nəfərin ölümü, beşi ağır olmaqla, 28 nəfərin xəsarət almasına səbəb olub. Polisin dediyinə görə, Çikaqonun təxminən 110 kilometr şimal-qərbində yerləşən teatrdan yerli vaxtla axşam saat 8-dən bir az sonra telefon zəngləri gəlməyə başlayıb. Teatrın Facebook səhifəsində həmin günü Morbid Angel, Crypta, Skeletal Remains and Revocation qruplarının səhnəyə çıxacağı yazılıb.
Belvidere Yanğınsöndürmə idarəsinin başçısı Şaun Şadle deyib ki, teatrda 260 insan olub. Xilasedicilər liftin içindən bir nəfəri qurtarıb və teatrın önündə yıxılan elektrik xəttlərini düzəltməyə çalışıb.
Belvidere polisinin rəisi Şeyn Vudi teatrın çökməsindən sonrakı mənzərəni “hərc-mərclik, tamamilə hərc-mərclik” kimi təsvir edib.
Elektrik kəsilməsini izləyən poweroutage.us saytının bildirdiyinə görə, Arkanzasda təxminən 90 min sakin elektriksiz qalıb. Bundan əlavə Ayova, Missuri, Tennessi, Viskonsin, İndiana və Texas ştatlarında da elektrik kəsilməsinin olduğu bildirilir.