Accessibility links

“Tovuz işi” üzrə həbsdə olan şəxslərin aclığı davam etdirdiyi bildirilir


Həbsxana

“Tovuz işi” üzrə mühakimə olunan məhkumlar barəsində çıxarılmış qurama ittiham hökmünə etiraz əlaməti olaraq quru aclığı davam etdirirlər.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının rəhəri Rüfət Səfərov facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi bildirir ki, az əvvəl ölüm aclığı edən məhkumlardan biri Babək Məmmədlinin anası Esmira Məmmədova onunla əlaqə saxlayıb.

“Esmira xanım qeyd edir ki, quru aclıq edən 11 məhbus qandallanmış vəziyyətdə cərimə təcridxanasına (“kars”) salınıblar. Esmira xanım dərin həyacanla məlumat verir ki, övladlarına təbii ehtiyaclarını ödəmək üçün sanitar qovşağı belə qadağan edilib, hazırda sidiyin və nəcisin içində olmaqla “kars”ın “şkonkasına (çarpayı-red) qandallanıblar. (Bu səhnə mənim özümə tanış gəldi, çünki yaşamışam.) Azərbaycan xalqı belə vəhşətə susmalı deyi,” o qeyd edib.

Hüquq müdafiəçisi Ombudsman Səbinə Əliyevanı bu hala reaksiya verməyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyini bu faciəni humanitar qaydada nəzarətə götürməyə çağırıb.

Səfərov Penitensiar Xidməin rəhbərini bu “faşistsayağı münasibət”ə son qoymağa çağırır.

Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, “Tovuz məhbusu” kimi tanınan şəxslərdən heç kim aclıq etmir.

“Həmin məhbusların anaları dünən, avqustun 5-də təcridxananın qarşısında toplaşıb. Bu zaman təcridxananın rəisi onlarla görüşüb və izah edib ki, övladları aclıq etmir, narahatçılığa heç bir əsas yoxdur,“ Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə deyib.

Məhbusların valideynlərindən biri Amerikanın Səsnə deyib ki, aclıq edən övladlarının səhhəti ilə tanış olmaq üçün təcridxana rəisindən onlarla görüş istəsələr də buna imkan verilməyib.

Ombudsman Aparatından isə şərh almaq hələ mümkün olmayıb.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilir.

Hazırda Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi davam etdirilir. Prosesə hakim İlqar Murğuzov sədrlik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm çıxarıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və qurama kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG