Son 10 ildə Avropa İttifaqı Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb.
Bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və avropalı investorlar üçün cəlbedici bazarlardan biridir. Hazırda ölkədə 700-dən çox Avropa şirkəti fəaliyyət göstərir.
"Həmçinin Avropa İttifaqının insitusional alətləri çərçivəsində də ikitərəfli əməkdaşlığımız uğurla davam etdirilir. Texniki yardım üzrə əməkdaşlıq baxımından Azərbaycan ümumilikdə 56 tvininq layihəsi ilə ən yaxşı "Şərq Tərəfdaşlığı" ölkələrindən biridir," o qeyd edib.
Məmmədov hesab edir ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır.
“2021-ci ildə Avropa İttifaqının ölkəmizin xarici ticarətində payı 44,8 faiz(15,2 milyard ABŞ dolları), 2022-ci ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 54,49 faiz (25,23 milyard ABŞ dolları) təşkil edib," Məmmədov qeyd edib.