Accessibility links

Traktor futbol klubunda yoluxma hallarının sayı 7-yə çatıb


İran Azərbaycanında populyar futbol komandası olan Traktor klubunda təsdiq edilən son yoluxma halı ilə koronavirusa yoluxanların sayı 7 nəfərə çatıb.

İLNA xəbər agentliyinin məlumatına əsasən, klub üzvləri arasında keçirilən son koronavirus testləri nəticəsində klubun icra müavini Əbdulrəzzaq Mirabın da virusa yoluxduğu təsdiqlənib. Həmin xəbərdə daha öncə də klubun futbolçuları və texniki heyəti arasında 6 nəfərdə yoluxma halının aşkarlandığı qeyd edilib.

Son keçirilən testlərin nəticələri elan olunduqdan sonra Traktor futbol klubu iyunun 17-də öz rəsmi portalından bəyanat yayımlayaraq, İranda koronavirusa yoluxanların sayının yenidən şiddətli şəkildə artdığı vəziyyətdə futbol liqasının matçlarının davam etməsinin doğru olmayacağını və vətəndaşların sağlamlığının daha önəmli olduğunu vurğulamışdı.

Klubun sahibi Məhəmmədrza Zunuzi isə İran radiosuna verdiyi müsahibədə İran futbol super liqasında olan 7 digər klub ilə birlikdə matçların ləğv olunması üçün İran Futbol Federasiyasına müraciət etdiklərini bildirib. Zunuzinin dediklərinə görə, bu günə qədər bu məktubu imzalayan klubların sayı 7-yə çatıb və gələn günlərdə bu rəqəmin artacağı gözlənilir. Məktubu imzalayan klublar İran Futbol Federasiyasından cavab alamadıqları təqdirdə FİFA və AFC-yə müraciət edəcəklərini bildiriblər.

İran futbol super liqasında iştirak edən Təbrizin digər komandası Maşinsazinin vəziyyəti də Traktordan fərqli deyil. İyunun 16-da klubun rəsmilərinin söylədiklərinə görə, klubda üç dəfə test keçirildikdən sonra daha iki futbolçuda yoluxma halı təsdiqlənib və beləliklə, Maşinsazi komandasının üzvləri arasında daha öncə aşkarlanan 6 yoluxma ilə birlikdə virusa yoluxanların sayı 8-ə çatıb.

Ötən ay İranda koronavirusa yoluxanların sayı azalsa da son iki həftədə virusa yoluxma statistikasında şiddətlə çoxalma müşahidə olunur. İran Səhiyyə Nazirliyinin iyunun 17-də verdiyi məlumata əsasən, son 24 saatda ölkə üzrə ümumi olaraq 2612 nəfərdə yeni yoluxma halı aşkarlanıb və 120 vətəndaş isə həyatını itirib.

XS
SM
MD
LG