Accessibility links

Trampın Ali Məhkəməyə namizədini açıqlayacağı gözlənilir


ABŞ prezidenti Donald Trampın şənbə günü Ali Məhkəmədə liberal hakim Rut Beyder Ginsburqun vəfatı nəticəsində boş qalmış yerə Emi Koni Barreti nominasiya edəcəyi gözlənilir. Bu, Trampa prezident seçkisinə altı həftədən az qalmış bir vaxtda Ali Məhkəmədə mühafizəkar hakimlərin sayını artırmaq imkanı verir.

ABŞ-da CNN və The New York Times kimi mətbuat orqanları cümə günü anonim mənbələrə istinadən xəbər verib ki, onlar Trampın şənbə günü yerli vaxtla axşam saat 5-də Barretin namizədliyini elan etməyi planlaşdırdığını deyib. Lakin onlar xəbərdarlıq edib ki, namizəd ictimai şəkildə elan edilməyənədək, Trampın son andabir dəyişiklik etmək ehtimalı var. Amerikanın Səsi bu məlumatları təsdiq edə bilməyib.

Tramp 87 yaşında vəfat edən Ginsburqun yerinə qadın hakimi nominasiya edəcəyini bildirib. Mühafizəkar apellyasiya məhkəməsi hakimi Barret və bir başqa apellyasiya məhkəməsi hakimi Barbara Laqoa Ali Məhkəməyə öndə gedən namizədlər arasında idi.

Emi Koni Barret
Emi Koni Barret

Prezidentin ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenə qarşı rəqabət aparacağı prezident seçkisindən öncə Ali Məhkəməyə hakim nominasiya etmək qərarı Vaşinqtonda siyasi mübahisələrə səbəb olub. Senatın Respublikaçı liderləri namizədin təsdiqolunma prosesinin mümkün olduğu qədər tez bir şəkildə həyata keçirilməli olduğunu iddia edirlər, Demokratlar isə nominasiyanın noyabr ayında keçiriləcək seçkinin qalibi müəyyən olunana qədər təxirə salınmalı olduğunu deyir.

Ali Məhkəməyə hakimlər ömürlük təyin olunurlar. Ginsburqun vəfatından öncə məhkəmədə mühafizəkarlar 5-4 çoxluq təşkil edirdilər. Ginsburqun yerinə mühafizəkar hakim təyin olunsa, mühafizəkarlar 6-3 üstünlük əldə edəcəklər.

Ginsburqun yerinə təyin olunacaq hakim gələcək illərdə abort hüquqları, sağlamlıq sığortası, silah haqları, dini azadlıq, immiqrasiya və söz azadlığı kimi mühüm məsələlər üzərində mühüm qərarlar verəcək.

Seçki günü yaxınlaşır

Senatın Respublikaçı liderləri Trampın Ali Məhkəməyə nominasiya etdiyi hakimi sürətli şəkildə təsdiq etməyi planlaşdırırlar. Senatın çoxluq lideri Mitç MakKonnel Trampın namizədini noyabrda keçiriləcək seçki gününədək təsdiq etməyə söz verib.

Tramp deyib ki, seçki günündə səsvermə ilə bağlı hər hansı hüquqi problem olduğu təqdirdə Ali Məhkəmənin tam olması mühümdür.

“Məncə səsvermə Ali Məhkəməyə gedəcək və düşünürəm ki, doqquz hakimin olması çox mühümdür,” o deyib.

Barretə dəstək

Barret Birləşmiş Ştatlar boyu mühafizəkar hüquqi qruplar tərəfindən böyük dəstəyə malikdir.

48 yaşlı dindar katolik Trampın ən böyük dəstəkçiləri olduğu iddia edilən yevangelist xristianlar arasında çox populyardır.

Barret Tramp onu 2017-ci ildə ABŞ-ın 7-ci Dairə üzrə Apellyasiya Məhkəməsinə hakim təyin etmədən öncə 15 il boyunca ABŞ-ın ən məşhur katolik universitetlərindən biri olan Notr Dam Universitetində dərs deyib.

Dini mühafizəkarlar Barretin 1973-cü ildə ABŞ-da abortu leqallaşdıran qərarı ləğv etməyin lehinə səs verəcəyinə ümid edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG