Accessibility links

Trampın Baydenin proqnozlaşdırılan qələbəsini ləğv etmək məqsədilə qaldırdığı məhkəmə iddiaları nəticə vermir


ABŞ Prezidenti Donald Tramp.
ABŞ Prezidenti Donald Tramp.

ABŞ Prezidenti Donald Trampın Demokrat Co Baydenin proqnozlaşdırılan qələbəsini ləğv etmək üçün qaldırdığı məhkəmə iddiaları cümə günü nəticə verməyib. Belə ki, məhkəmələr seçkidə qanunauyğunsuzluq və saxtakarlıqla bağlı ittihamları rədd edib.

Miçiqanda hakim Respublikaçılar partiyası tərəfdarlarının Demokratların çoxluq təşkil etdiyi Detroyt ərazisində seçki nəticələrinin təsdiq edilməsinin qarşısı almaq cəhdini rədd edib. Bu isə Tramp kampaniyasının qaldırdığı bənzər məhkəmə iddiasının da nəticələrinin eyni olacağına işarə edir.

Pensilvaniyada bir digər hakim Trampın poçtla göndərilən minlərlə bülletenlərin etibarlılığını sual edən məhkəmə iddialarını rədd edib. Arizonada isə Tramp kampaniyası seçki nəticələri ilə bağlı iddiasını geri çəkib və Baydenin oradakı səs üstünlüyünün çox yüksək olduğunu qəbul edib.

Baydenə məğlub olduğunu hələ ki, qəbul etməyən Tramp seçki nəticələrini dəyişmək üçün bir neçə şübhəli məhkəmə iddiaları qaldırıb və sosial mediada əsassız iddialar irəli sürüb. Ekspertlərin fikrincə, bu son inkişaflar Trampın geniş yayılmış saxtakarlıqla bağlı əsassız iddialarla seçkidə qalib gəlmək ümidlərini zəiflədir.

Bazar günü mühafizəkar qrup tərəfindən qaldırılan iddia Veyn mahalında yüz minlərlə səsi saxtakarlıq və qanunauyğunsuzluq ittihamları səbəbilə ləğv etmək məqsədi daşıyırdı. Qeyri-rəsmi nəticələrə görə, Veyn mahalında 565,484 səsin 73 faizi Baydenə verilib. İddiaçılar hakimin müstəqil təftiş aparılmasına və yeni seçki keçirilməsinə göstəriş verməsini tələb edirdi.

Lakin Veyn Mahakının 3-cü Dairə Məhkəməsinin hakimi Timoti Kenni saxtakarlıq ittihamlarının başqa rəsmilər tərəfindən ziddiyətlə qarşılandığına dair qərar çıxardı.

Trampın məhkəmə iddiaları müsbət nəticə vermədiyi üçün prezidentə yaxın bir neçə mühafizəkar fəal ştatların Respublikaçıların nəzarət etdiyi qanunverici orqanlarının səsvermə nəticələrini ləğv edərək, elektoral səsləri Trampa verməsini təklif edib.

Amerikalılar ümummilli səsvermədə iştirak edərkən birbaşa olaraq namizədlərə səs vermirlər, bunun əvəzinə onlar elektor adlanan seçicilərə səs verirlər.

Kontitusiyanın ikinci maddəsi qanunverici orqanlara prezidenti seçən Seçki Kollegiyasına üzvlərin necə seçildiyini müəyyən etmək səlahiyyəti verir. Seçki Kollegiyasının 538 üzvü (elektor) var ki, onlar Konqresin üzvlərinin sayına müvafiq olaraq seçilir.

Seçki Kollegiyasının üzvləri dekabrın 14-də bir araya gələrək ştatlarında səsvermənin qalibi olan namizədə səs verirlər.

XS
SM
MD
LG