Prezident Donald Tramp Rusiya və Rusiya prezidenti Vladimir Putinlə səmimiyyəti haqda yayılan xəbərlərdən bir neçə gün sonra “heç vaxt Rusiya üçün işləməmişəm" deyə bəyan edib.
Bazar günü Fox News kanalına verdiyi müsahibəsi zamanı bu suala cavab verməyən prezident Tramp bazar ertəsi birmənalı şəkildə Rusiya üçün heç vaxt işləmədiyini bildirib. “Mən Rusiya üçün heç vaxt işləməmişəm və siz bunu hamıdan daha yaxşı bilirsiniz. Mənim Rusiya üçün işlədiyim barədəki fikirlər bir yana, sizin mənə bu sualı verməniz rüsvayçılıqdır. Çünki bu, böyük bir yalandır.”
Prezident Tramp belə qəti inkarı “Nyu-York Times” qəzetində dərc olunan 2017-ci ilin may ayında Federal Təhqiqat Bürosunun rəhbəri Ceyms Kominin vəzifəsindən azad edildiyi zaman Rusiyanın agenti kimi fəaliyyət göstərib-göstərmədiyi ilə bağlı istintaqa başlanması barədəki xəbərindən sonra edib.
“The Washington Post” da öz növbəsində Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə görüşən prezident Donald Trampın danışıqların detallarını gizli saxladığını və bunu qəsdən etdiyini yazmışdı.
Donald Trampın Rusiya prezidentini tənqid etməməsi və 2016-cı ildə prezident seçkiləri zamanı Trampın qalib gəlməsində Rusiyanın rolu ilə bağlı istintaqa müdaxilə etməsi barədəki xəbərlər son vaxtlar yenidən mediada işıqlandırılmağa başlayıb.
Senator Dik Durbin: “Bilirsiniz, çox sayda sual qaldırılıb. Nəyə görə onun Vladimir Putinlə münasibəti yaxşıdır?”
Demokratlar da həmçinin Trump administrasiyasının ABŞ-ın Rusiyanın müttəfiqi Suriyadan hərbi qüvvələrini geri çəkmək və bəzi rus bizneslərinə tətbiq edilən sanksiyaların qaldırılmasına dair son qərarlarını sual altına alıb.
Bazar ertəsi prezident Tramp Komi və Federal Təhqiqat Bürosunun digər liderlərini onun prezidentliyinə xələl gətirməkdə ittiham etdi. “Bu təhqiqatı aparanlar biriləri tərəfindən tutulan insanlar idi. Fikirmcə, siz onlara çirkli polis deyə bilərsiniz.”
Ağ Ev prezidentin əvvəlki prezidentlərlə müqayisədə Rusiyaya qarşı daha sərt davrandığını və bu ölkə ilə bağlı 272 sanksiya tətbiq etdiyini bəyan edib. Ağ Ev mətbuata məlumat sızdıran kəşfiyyat mənbələrini qınayıb.