Accessibility links

Tramp tərəfdarları Konqres binasına daxil olduqdan sonra Kapitoli bağlanıb


ABŞ Kapitolisinin polisi çərşənbə günü Kapitoli binası və ətrafının qapanmasına göstəriş verib. Onlar Prezident Donald Trampın minlərlə tərəfdarının Demokrat Co Baydenin seçkilərdəki qələbəsini təsdiqləmək üçün Konqresdə keçirilən səsverməyə etiraz etmək məqsədilə binaya daxil olmasının ardınca Konqresə kənardan təhlükə törəndiyini bildiriblər.

Senat Baydenə verilən elektoral səsləri təsdiq etdiyi bir vaxt işinə fasilə verib, Vitse-Prezident Mayk Pensin gizli xidmət tərəfindən yeraltı tunellərlə binadan çıxarıldığı bildirilir.

Sosial mediada və Amerika mətbuatında yayılan video görüntülərdə Tramp tərəfdarlarının Konqres ətrafında polisin qurduğu baryerləri keçərək Kapitoli binasına daxil olduqları göstərilir. Televiziyadakı xəbərlərdə Nümayəndələr Palatasının qapısını qırmağa çalışan bəzi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilir.

Seçkinin təsdiqi prosesi adətən formal xarakter daşıyır və Seçicilər Kollegiyasının dekabrın 14-də Baydeni rəsmi olaraq prezident seçməsinin ardınca prezident seçkisinin son mərhələsi hesab olunur. Lakin Konqresin bir neçə Respublikaçı üzvü təsdiq prosesinə etiraz edəcəyini bildirib.

Kapitoli binası qarşısında böyük izdiham toplaşdığı və etirazçılar polislə toqquşduğu bir vaxt Prezident Donald Tramp Twitter-də onları “Kapitoli polisini və hüquq-mühafizə orqanlarını dəstəkləməyə” çağırıb.

Vaşinqton şəhərinin meri Muriel Bouser yerli vaxtla axşam saat 6-dan başlayaraq gecə boyu komendant saatı tətbiq edib.

Bundan qısa müddət öncə isə Senatdakı Respublikaçı çoxluğun lideri Mitç Makkonnell çərşənbə günü seçki nəticələrini aradan qaldırmağı rədd edib və deyib ki, o, “Amerika xalqının qərarına hörmət edəcək şəkildə səs verəcək.”

"Mən Amerika xalqının qərarına hörmət etməyə və bizim hökumət sistemimizi qorumağa səs verəcəyəm," Respublikaçı Senator Makkonnell bəyan edib.

Bundan öncə çərşənbə günü Tramp Vaşinqtonda minlərlə etirazçının önündə çıxış edib. Daha sonra isə etirazçıların böyük bir qrupu Konqresə doğru irəliləyib. Tramp etirazçılara “heç vaxt məğlubiyyətini qəbul etməyəcəyini” deyib.

Ağ Evin arxasında Ellipse adlı parkda quraşdırılan səhnədə çıxış edən Tramp noyabr ayında keçirilən seçkinin “oğurlandığına” və onun “böyük səs fərqi ilə” qalib gəldiyinə dair yanlış iddialarını təkrarlayıb. Tramp deyib ki, “radikal solçu Demokratlarla” birlikdə “saxta xəbər mediası” “seçkini oğurlamaq üçün” “Çin virusu”ndan sui-istifadə edib.

Tramp həmçinin Vitse-Prezident Pensi çərşənbə günü Konqresdə səslərin təsdiqi prosesinə sədrlik etdiyi zaman “doğru şeyi etməyə” çağırıb. Tramp yanlış olaraq israr edib ki, “Vitse-Prezidentin etməli olduğu yeganə şey səsləri yenidən təsdiq olunması üçün ştatlara geri göndərməkdir və nəticədə biz prezident olacağıq, siz isə ən xoşbəxt insanlar.”

Pens Trampın bu sözlərindən qısa müddət sonra məktub yayaraq Seçicilər Kollegiyasının əleyhinə səs verməyi rədd edib.

“Mənim düşünülmüş qənaətim odur ki, mənim Konstitusiyanı dəstəkləyib, qorumaq üçün verdiyim söz mənim hansı elektoral səslərin hesablanıb, hansıların hesablanmayacağını müəyyən etməyə birtərəfli səlahiyyətimin olduğunu iddia etməyimə imkan vermir,” o yazıb.

Trampın tərəfdarları, o cümlədən polislə qarşıdurma yaşayan bəzi qruplar çərşənbə axşamından Vaşinqtonda toplaşmaya başlayıblar. Rəsmilər azı altı nəfəri silah və sursat daşımaq, polisə hücum daxil olmaqla müxtəlif ittihamlarla həbs etdiklərini bildirib.

Vaşinqtonun küçələri bağlanıb, mer Muriel Bouser Milli Qvardiyaya müraciət edib.

XS
SM
MD
LG