Accessibility links

Trampın vəkili xüsusi prokurorla mümkün söhbətdən danışıb


ABŞ prezidenti Donald Tramp 2016-cı ildə onun seçki kampaniya qərargahı ilə Rusiya arasında mümkün əlaqələrə dair aparılan təhqiqat çərçivəsində sualları cavablandırmaq niyyətindədir, lakin onun vəkillərindən biri hesab edir ki, Tramp prokurorların onun ədalətin qarşısını almağa çalışıb-çalışmaması ilə bağlı sualları cavablandırmalı deyil.

Trampın vəkili, Nyu York şəhərinin keçmiş meri Rudi Culiani CNN tele-kanalına deyib ki, xüsusi prokuror Robert Müller prezidentə iki məsələ ilə bağlı sual vermək istəyir. Bunlardan biri seçkiyə qədərki dövrdə Rusiya ilə mümkün əlaqələrə aiddir, digəri isə prezidentin Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərlik edən Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırmaqla ədalətin qarşısını almağa çalışdığına dair ehtimalla bağlıdır.

“Əlaqələrə gəldikdə, biz rahatıq, çünki heç bir əlaqə olmayıb. Amma ədalətin qarşısını almaq məsələsində mən özümü o qədər də rahat hiss etmirəm. Bunu mən belə hiss edirəm. Prezident isə buna qarşı deyil. O günahsızdır. Ancaq mən ona görə rahat deyiləm ki, bu, interpretasiyadan asılıdır, burada hər şey aydın və açıq deyil, bu, həqiqət və yanlışlıq məsələsi deyil”, Culiani bildirib.

Xüsusi prokuror Robert Müller
Xüsusi prokuror Robert Müller

Culiani deyib ki, prezidentin vəkillərdən ibarət komandası narahatdır ki, Tramp prokurorluların suallarına cavab verərkən tələyə düşə bilər və bu da ona qarşı and içəndən sonra yanlış ifadə verməklə bağlı ittihamların irəli sürülməsinə gətirib çıxara bilər.

Ağ Ev ilkin açıqlamasında Kominin Trampın seçkilərdə demokrat rəqibi Hillari Klintonun 2009-2013-cü illərdə dövlət katibi olduğu zaman şəxsi elektron poçtundan istifadə etməsi ilə bağlı təhqiqatda rolu ilə əlaqədar vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.

Lakin Tramp bir neçə gündən sonra NBC tele kanalına bildirmişdi ki, o hər bir halda Komini vəzifəsindən kənarlaşdırmaq istəyirdi və “Rusiya məsələsi haqda” düşünürdü, belə ki, bunu Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən saxta təhqiqat hesab edirdi.

Lakin Culiani əlavə edib ki, vəkillərin Trampın prokurorun suallarına cavab verməsilə ilə bağlı bütün narahatlıqlarına baxmayaraq, “o bunu etməkdə tamamilə qətiyyətlidir”.

Prezident Tramp dəfələrlə təhqiqatla bağlı kəskin tənqidlərini səsləndirib. O, bazar günü yenidən Rusiya təhqiqatını tənqid edərək, bunun “ifritə ovu” olduğunu deyib.

“Nə üçün 13 qəzəbli demokrat əyri Klintonun kampaniyasını, bir çox cinayəti, Rusiya ilə böyük əlaqəni araşdırmır? Nə üçün FBI Demokratların Milli Təşkilatının serverini almır? Ədalətsiz Təhqiqat!”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.

XS
SM
MD
LG