Accessibility links

Trampın vəkilləri Müllerin prezidenti dindirməsinə imkan verməmək qərarına yaxındır


Rudi Guliani

ABŞ prezidenti Donald Trampın vəkili bazar günü bildirib ki, prezidentin hüquqşünaslardan ibarət komandası Rusiyanın 2016-cı idə Trampın qələbəsinə kömək məqsədilə seçkilərə müdaxiləsinə dair təhqiqata rəhbərlik edən xüsusi prokuror Robert Müllerin prezidenti dindirməyəcəyi ilə bağlı qərar verməyə yaxındır.

Nyu York şəhərinin keçmiş meri və Trampın vəkili Rudi Culiani ABS və CNN tele-kanallarına müsahibədə deyib ki, Trampın vəkilləri prezidentin dindirilməsinə razılıq verilməsindən əvvəl Müllerin təhqiqatçılarından dəlil göstərilməsini istəyir.

Tramp özü xüsusi prokuror Müllerin 14 aydır davam edən təhqiqatı çərçivəsində sual-cavab edilməyə hazır olduğunu bildirib. Lakin Culiani CNN tele-kanalına bildirib: “Biz təhqiqat üçün hər hər hansı-ilkin, ya da yaradılmış- bir faktoloji əsasın olub-olmadığını bilmək istəyirik, çünki biz bunu tapa bilmirik. Başqa heç kəs də tapa bilmir”.

Xüsusi prokuror Robert Müller
Xüsusi prokuror Robert Müller

“Biz hər hansı əlaqənin olması, ya da ədalətin qarşısının alınması ilə əlaqədar bütün vəziyyətləri araşdırmışıq. Biz prezidentin ittiham edilə bilməsi üçün heç bir şey tapa bilmədik və təhqiqatın nəyə əsaslandığını bilmək istəyirik”, deyə Guliani ABC tele-kanalına müsahibəsində bildirib.

Xüsusi prokuror Robert Müller Trampın kampaniyasının Rusiya ilə əlaqələri və prezidentin Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərik edən Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdığı zaman ədalətin qarşısını almağa çalışıb-çalışmadığını araşdırır.

Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi
Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi

Müllerin təhqiqatının nə zaman yekunlaşdırılacağı aydın deyil. Onun komandası isə Trampın təhqiqatın ona qarşı qərəzli olduğunu deyərək, müntəzəm olaraq onlara qarşı ünvanladığı hücumlarına cavab vermir.

“Əgər prezident onu (Komini) Birləşmiş Ştatların rifahı naminə vəzifədən kənarlaşdırdığını deyirsə, bu, səbəb üçün kifayətdir”, deyə Culiani bildirib.

Biz prezidentin ittiham edilə bilməsi üçün heç bir şey tapa bilmədik və təhqiqatın nəyə əsaslandığını bilmək istəyirik.
Rudi Culiani

Tramp Kominin vəzifədən çıxarılmasından bir neçə gün sonra NBC tele kanalına bildirmişdi ki, onu vəzifəsindən kənarlaşdıranda “Rusiya məsələsi haqda” düşünüb. Tramp uzun müddət təhqiqatın Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən bəhanə olduğunu hesab etdiyini bildirirdi.

ABŞ kəşfiyyatı Putinin 2016-cı ildə Trampın demokrat rəqibi Klinton üzərində qələbə çalmasına kömək məqsədilə ABŞ prezident seçkilərinə müdaxilə edilməsinə göstəriş verdiyi haqda nəticə çıxarıb.

Culiani deyib ki, Müller “əgər onların əlində prezidentə qarşı hansısa bir dəlil olsa idi”, Trampı sorğu-sual etmək üçün təzyiq göstərməzdi. Lakin xüsusi prokurorun prezidentə qarşı hansı dəliləri topladığı məlum deyil.

Müller Tramp dindirilməyə razı olmasa, böyük münsiflər məhkəməsi qarşısında ifadə vermək üçün ona çağırış göndərə bilər. Lakin Culiani deyib ki, əgər “o bunu etsə, biz qərarın ləğvinə nail ola bilərik”.

Trampın ifadə verməyə məcbur edilməsi ilə bağlı hər hansı bir addım uzun sürən hüquqi prosesə gətirib çıxara bilər, bunun nəticəsində isə son qərarın verilməsi üçün məsələ Ali Məhkəməyə çıxarıla bilər.

XS
SM
MD
LG