Accessibility links

Tramp: "Çox güman ki, vəziyyət yaxşılaşmazdan əvvəl pisləşəcək"


Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının sayı artmaqda davam etdiyi bir vaxt ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat üçün koronavirusa qarşı mübarizə səylərinə dair gündəlik brifinqləri bərpa edib. Tramp aprel ayından sonra çərşənbə axşamı günü ilk dəfə keçirdiyi brifinqdə COVİD-19-a yoluxmaların ölkə boyu artdığını bildirərək, “vəziyyətin çox güman yaxşılaşmazdan öncə pisləşəcəyini” deyib.

“Ölkəmizin bəzi yerlərində vəziyyət yaxşıdır, başqa yerlərdə isə vəziyyət o qədər yaxşı deyil,” Tramp bildirib. Prezident eyni zamanda maska taxılmasına dəstəyini bildirib. Ölkə üzrə keçirilmiş rəy sorğuları amerikalıların əksəriyyətinin prezidentin pandemiya ilə mübarizə səylərindən razı qalmadığını göstərir.

Pew Research araşdırma qrupunun sorğusuna əsasən, amerikalıların yalnız 65 faizi mağazalar və ictimai yerlərdə maska taxdığını söyləyib.

Tramp: "Çox güman ki, vəziyyət yaxşılaşmazdan əvvəl pisləşəcək"
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Aylardır maskaların əhəmiyyətini azaltdıqdan sonra prezident Donald Tramp bu həftə maska ilə şəklini Twitter-də paylaşaraq bunu “vətənpərvərlik” adlandırıb.

Tramp çərşənbə axşam günü Ağ Evdə mətbuat üçün brifinqləri bərpa edib və maska taxılmasına dəstək bildirib.

“Mənim burada maskam var, mən onu özümlə gəzdirirəm və onu məmmuniyyətlə taxacam, problem yoxdur, mən bunu demişəm. Və mən deyirəm, əgər bir qrupdasınız və bir-birinizə yaxınsınızsa, o zaman maska taxa bilərsiniz. Mən qrup arasında olsam, maska taxaram.”

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri aprel ayında maskalarla tövsiyələri dəyişərək, təkcə tibb işçiləri deyil, bütün amerikalıların maska taxmalı olduğunu bildirib.

Lakin prezident bu ayın əvvəlinə qədər ictimaiyyət qarşısında maska taxmırdı. O həmçinin ölkə üzrə maska taxmaqla bağlı qərar vermək istəməyərək, insanların “azadlığı” olmasını istədiyini bildirmişdi.

ABC News və Washington Post qəzetinin keçirdiyi sorğuya əsasən, amerikalıların 64 faizi Trampın pandemiya ilə mübarizə səylərindən razı deyil.

“Pandemiyanın yayılması ilə onun üçün daha çox problem yaranır. Buraya onun siqnallarındaın istifadə edərək, iqtisadiyyatı açıb, indi isə pandemiyanın dəhşətli problemlərini görməyə başladığı Respublikaçı qubernatorların ştatları da daxildir. Bu, onun işini daha da çətinləşdirir,” Amerika Sahibkarlar İnstitutunun təhlilçisi Norman Ornşteyn deyir.

ABŞ-da COVİD-19 nəticəsində 140,000-dən çox ölüm və 3.8 milyon yoluxma halı qeydə alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri rəqəmlərin 10 dəfə artıq ola bildiyini bildirib.

Administrasiyanın yoluxanların sayının testlərin çoxalmasına görə artdığında israr etməsinə baxmayaraq, ekspertlər vəziyyətin pis olmasının əsas səbəbini koronavirusla mübarizədə ölkə üzrə siyasətin olmaması ilə izah edir.

“Vəziyyətin yaxşı olduğu ölkələrdə ictimai səhiyyəni önə çəkən aydın milli siyasət var idi. Siyasi rəhbərlik ictimai səhiyyə sistemindəki insanlara yardım edib və ictimaiyyətə davamlı olaraq aydın mesajlar verib. Əhali proqramı başa düşür və əməkdaşlığa çağırılır. Bu, uğurun formuludur. Bu işi qubernatorlara həvalə etmək isə xaosun formuludur,” Vanderbilt Universitetində çalışan epidemioloq Vilyam Şaffner bildirib.

Yoluxma saylarının artmasına baxmayaraq, amerikalılar yay tətilinə çıxaraq, dəniz sahillərinə üz tutur. Müxtəlif ştatlarda müxtəlif qaydalar mövcuddur və federal hökumətin maskalar, testlər və iqtisadiyyatın açılması ilə bağlı bütün tövsiyələri könüllüdür.

XS
SM
MD
LG